Tbilisi ümid edir ki, limanın Rusiyaya qarşı 20-ci sanksiya paketinə salınması Avropanın Cənubi Qafqaz və Mərkəzi Asiya resurslarına çıxışını çətinləşdirməyəcək...
Poliqon xəbər verir ki, Gürcüstan hökuməti Avropa İttifaqını Kulevi dəniz limanını Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiya paketinə daxil etməməyə çağırıb. Tbilisinin mövqeyinə görə, belə bir qərar Avropa üçün strateji əhəmiyyət daşıyan “Orta Dəhliz”ə – Avropanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın xammal və enerji resurslarına çıxışını təmin edən əsas nəqliyyat marşrutuna ciddi zərbə vura bilər.
Gürcüstanın xarici işlər nazirinin müavini Georgi Zurabaşvili bu məsələni Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski ilə görüşdə qaldırıb. Bu barədə Gürcüstan Online məlumat yayıb. Zurabaşvili Kulevi limanını Xəzər – Qara dəniz – Avropa strateji dəhlizinin mühüm halqası kimi təqdim edib.
O, eyni zamanda səfiri əmin edib ki, Gürcüstan Rusiyaya qarşı Aİ-nin bütün sanksiyalarına riayət edir və onların mümkün şəkildə pozulması və ya dolanılması cəhdlərinin qarşısını alır. Gürcüstan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, Zurabaşvili bildirib ki, Kulevi limanının Aİ-nin sanksiya siyahısına daxil edilə biləcəyi ilə bağlı mediada yayılan məlumatlar tamamilə anlaşılmaz, əsassız və faktiki əsaslardan məhrumdur.
“Çünki Kulevi limanında sanksiyaya məruz qalan hər hansı gəminin qəbulu və ya sanksiyaların dolanılması ilə bağlı bir dənə də olsun fakt qeydə alınmayıb”, deyə Zurabaşvili bildirirb.
Nazir müavini əlavə edib ki, indiyədək Aİ institutları tərəfindən Kulevi limanının fəaliyyəti ilə bağlı heç bir sual və ya irad bildirilməyib. Onun sözlərinə görə, Brüssel və Tbilisi arasında məhdudlaşdırıcı tədbirlərin tətbiqi və onların icrasına nəzarət sahəsində “yaxşı əməkdaşlıq praktikası” formalaşıb.
Gürcüstan tərəfi ümid etdiyini ifadə edib ki, Aİ institutları və üzv dövlətlər obyektiv faktları və Gürcüstanın sanksiyalara əməl olunması, eləcə də onların dolanılmasının qarşısının alınması istiqamətində gördüyü genişmiqyaslı tədbirləri nəzərə alacaq. XİN-də bildirilib ki, Kulevi limanına qarşı mümkün məhdudiyyətlər həm strateji dəhlizə, həm də Aİ-nin təşəbbüsü olan və Kulevi limanının ayrılmaz hissəsi sayıldığı Orta Dəhliz layihəsinə zərər verə bilər.
Qeyd edək ki, bu həftə Qərb mediası Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində ilk dəfə olaraq üçüncü ölkələrin limanlarına – Gürcüstandakı Kulevi və İndoneziyadakı Karimun limanlarına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığı barədə məlumat yayıb. Məlumatlara görə, buna səbəb Rusiya nefti ilə bağlı əməliyyatlar olub.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məsələni şərh etməkdən imtina edib və konkret təkliflərin hələ razılaşdırılmadığını vurğulayıb.
Kulevidə Gürcüstanın yeganə neft emalı zavodu yerləşir. Layihə dövlətə məxsus “Gürcüstanın İnkişaf Fondu” və hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə məxsus “Kartu Bank”ın iştirakı ilə həyata keçirilir.
2025-ci ilin oktyabrında Reuters agentliyi Kulevidəki yeni neft emalı zavoduna ilk neft partiyasının çatdırıldığı barədə məlumat yayıb. Yükü Rusiya şirkəti “Russneft” göndərib. Gürcüstanın Vergi Xidməti tədarükü təsdiqləyərək bildirib ki, gəmi, onun sahibləri, göndərən və qəbul edən tərəflər beynəlxalq sanksiyalar altında olmayıb.
2026-cı ilin fevral ayının əvvəlində isə Silvari adlı tanker Gürcüstanın ərazi sularına daxil olub. Ukrayna bu gəmini Rusiyanın “kölgə donanması”na aid edir və 2025-ci ilin dekabrından etibarən ona qarşı sanksiya tətbiq edib. iFact portalının məlumatına görə, tanker Kulevi limanına 32 min tona qədər neft və neft məhsulları çatdırıb. Daha sonra gəmi Hindistan şirkətinin mülkiyyətinə və idarəçiliyinə keçib. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi isə gəminin “şübhəli keçmişi” ilə bağlı yayılan məlumatları dezinformasiya adlandırıb.
Poliqon.info