ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Şahin Şıxlinskiyə qurulan məhkəmə şousu davam etdirilib: dindirilənlər diaspora liderinin cinayətlərdə iştirakını təkzib edirlər
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində Yekaterinburq Kirovskiy Rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası diaspora lideri Şahin Şıxlinskini, həmçinin Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir.
Qeyd edək ki, Andlılar Məhkəməsinin iclası prokurorluğun tələbi ilə qapalı keçirilib.
Andlılar Məhkəməsinin kollegiyasının çıxardığı qərara (verdikt) əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunub.
Səfərov qardaşları da bütün ittihamlar üzrə qətl və qəsdən adam öldürməyə cəhddə (iş adamı Yunis Paşayevin qətli və Fehruz Şirinova sui-qəsdə cəhd) təqsirli biliniblər.
Ş.Sıxlinskinin vəkilləri məhkəmənin qapalı keçirilməsindən narazı olmaqla yanaşı, ümumiyyətlə, ittihamların əsassız, qurama olduğu qənaətindədirlər. Bu barədə Şıxlinskinin ailəsindən bildirilib.
Diaspora liderinin vəkilləri məhkəmənin niyə qurama olduğunu iddia etmələrinə aydınlıq gətiriblər: “Əvvəla, biz istəyirdik ki, məhkəmə açıq olsun və media prosesi əvvəldən axıra qədər işıqlandırılsın. Lakin prokurorluğun və FTX-nın vəsatəti ilə proses qapalı elan edildi və mətbuatın iştirakına qadağa qoyuldu. Bu, doğru deyildi.
Eyni zamanda, ikinci məhkəmə iclasında 2001-ci ildə həlak olmuş Yunis Paşayevin qardaşı Yusif Paşayev ifadə verdi. O bildirdi ki, Ş.Şıxlinskinin qardaşının – yəni Y.Paşayevin ölümünə heç bir aidiyyəti yoxdur, bu hadisə ilə tamamilə əlaqəsizdir. O məhkəmədə Ş.Şıxlinskini çox müsbət xarakterizə edib. Daha sonra məhkəmədə ittiham tərəfinin şahidi Elmar Hacıyev ifadə verib. O deyib ki, Şıxlinskinin 2001-ci il və 2010-cu il hadisələri ilə heç bir əlaqəsi yoxdur”.
Vəkillərin məlumatına görə, 2001 və 2010-cu illərin hadisələrinin şahidi olan ağdamlı Müşviq Qabilov məhkəmədə ifadə verib. O bildirib ki, diaspor liderinin bu işlərə heç bir aidiyyəti yoxdur. Həmçinin deyib ki, müstəntiqlər ona güclü təzyiq göstəriblər. Məhkəmədə həmin illərdə işləyən ofisiantlar və digər şahidlər də ifadə veriblər. Onlar da Şıxlinskinin bu işlərlə heç bir əlaqəsinin olmadığını bildiriblər. Deyiblər ki, müstəntiqlər tərəfindən onlara təzyiq göstərilib və müstəntiqlər onları ifadəni imzalamağa məcbur ediblər.
Müdafiə tərəfinin vəkilləri eyni zamanda qeyd edir ki, məhkəmədə patrul-post xidməti əməkdaşları Dostovalov, Koltışev, Sokolov və Zakirov çıxış ediblər. Şıxlinskinin müdafiəçilərində onların dəyişdirilmiş ifadələri var. 2010-cu ildən 2025-ci ilin iyul ayına qədər onlar heç vaxt diaspora liderinin adını çəkməyiblər, amma 2025-ci ilin avqustunda hamısı eyni gündə onun haqqında danışmağa başlayıblar. Onlar məhkəmədə Şıxlinski haqqında heç nə deməyiblər. Yalnız Süleymanovun saxlanıldığını söyləyiblər və bundan başqa heç nə bilmədiklərini qeyd ediblər.
Sonra gizli şahid çıxış edib. Onun şəxsiyyəti açıqlanmayıb, başqa otaqda olub və səsi dəyişdirilib. O da deyib ki, Ş.Şıxlinskinin Y.Paşayevin qətlində iştirakı barədə heç nə bilmir.
Vəkillərin məlumatına görə, onların əlində yeganə marionet olaraq Fehruz Şirinov qalıb. Ondan başqa məhkəmədə heç bir şəxs Şıxlinski haqqında bir kəlmə də deməyib. Fehruzun oğlu və həyat yoldaşının qardaşı da onun sözlərinə istinad edərək danışırlar. Ən vacib məqam isə odur ki, Fehruz 2022-ci ildə məhkəmədə indi dediklərinin hamısını Şıxlinskiyə qarşı yalan və böhtan olduğunu etiraf etmişdi.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001 və 2010-cu illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Ş.Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.