AZ

ABŞ–İsrail planları İranda gərginliyi artırdı

“Dünən İran İslam Respublikası 1979-cu ildə baş vermiş inqilabın 47-ci ildönümünü qeyd etdi. Bu münasibətlə İranı rəsmi olaraq bir sıra regional dövlətlər təbrik etdi. Onların sırasında Çin Xalq Respublikası və Rusiya Federasiyası da var idi ki, bu da təsadüfi deyil”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, hər iki dövlət son iğtişaşlar və 12 günlük müharibə zamanı İranı siyasi və diplomatik baxımdan hərtərəfli dəstəkləyib:

“Bununla yanaşı, təbrik edən dövlətlərin sırasında başqa ölkələrin də adları çəkilir.

Lakin bu tədbirin pərdəarxasında görünməyən daha ciddi və dərin məqamlar mövcuddur. İran cəmiyyəti son 50 ilin sanksiyaları, rejimin irticaçı siyasəti və ağır iqtisadi vəziyyət fonunda sosial, psixoloji və maddi təzyiq altında yaşamağa davam edir. İnsan hüquqları, xüsusilə qadın hüquqları sahəsində problemlər hələ də sistemli şəkildə qalmaqdadır. Rejim baş verən proseslərə və nəticələrə dini radikalizm və şəriət hökmləri prizmasından hüquqi qiymət verməklə repressiya mexanizmlərini davam etdirir.

Ənənəvi olaraq ordu və xüsusi xidmət orqanları Ali dini liderin yanında yer almaqda davam edir. Bu isə rejimin əsas dayaqlarının sarsıdılmasını çətinləşdirən başlıca faktorlardan biridir. Dövlətin təhlükəsizlik aparatı siyasi sistemin qorunmasında əsas sütun rolunu oynayır.

İran müxalifətinin siyasi və iqtisadi rıçaqları ya tamamilə sıradan çıxarılıb, ya da ciddi nəzarət altına götürülüb. 2009-cu il “Yaşıl Hərəkat”ının liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi uzun illərdir ev dustaqlığında saxlanılır. Keçmiş prezident Məhəmməd Xatəmi faktiki siyasi qadağalar və informasiya məhdudiyyətləri ilə üz-üzədir. Hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və digər vətəndaş cəmiyyəti fəalları isə müxtəlif ittihamlarla həbs cəzaları alaraq mübarizələrini zindan şəraitində davam etdirirlər. Bu faktlar ölkədə siyasi plüralizmin və alternativ siyasi platformaların sistemli şəkildə zəiflədildiyini göstərir”.

Politoloq deyib ki, İranda yaşayan müxtəlif etnik qruplar, o cümlədən farsların özü də mövcud vəziyyətdən narazılıq içindədir:

“Cəmiyyətin müxtəlif təbəqələrində azadlıq və dəyişiklik arzusu latent şəkildə mövcuddur. Xarici təhdid fonunda Ali dini lider və dövlət ətrafında sıx konsolidasiyaya meyil göstərən İran cəmiyyəti, eyni zamanda daxili siyasi transformasiya arzusunu da tam itirməyib. Lakin son proseslər göstərdi ki, xarici müdaxilə və ya təcavüz faktoru daxili dəyişiklik dalğasını yarımçıq qoyan əsas amillərdən birinə çevrilir.

Beləliklə, İranın siyasi sistemi müəyyən “stress testi”ndən keçsə də, xarici faktorun yaratdığı milli səfərbərlik effekti nəticəsində rejim yenidən öz dayaqlarını möhkəmləndirə bildi. Bunun ardınca isə repressiv mexanizm yenidən işə düşdü, kütləvi həbslər və sərt cəza tədbirləri həyata keçirildi.
Qarşıdakı dövrdə ABŞ–İsrail tandeminin İrana qarşı mümkün yeni planları fonunda Tehran diplomatiyasının intensiv fəaliyyətini, səfər trafikini və müxtəlif səviyyəli, bəzən tərəddüdlü görüşlərini daha sıx izləyəcəyik. İran beynəlxalq təcridi minimuma endirmək və təzyiqi balanslaşdırmaq üçün çoxşaxəli diplomatik manevrlər etməyə çalışacaq”.

A. Əliyev hesab edir ki, dəyişməyən bir reallıq var:

“İran xalqının azadlıq arzusu tamamilə susdurula bilməz. Gec ya da tez, üçüncü və ya sonrakı dalğalarda bu tələb yenidən güclü şəkildə ortaya çıxacaq. Tarixi proseslər göstərir ki, ideyalar zor gücü ilə məhv edilmir, sadəcə müvəqqəti olaraq sıxışdırılır.

İnsanın əmlakını əlindən ala bilərsən, adını silə bilərsən, gözlərinə pərdə çəkə, qulaqlarını tıxaya, hətta dilini kəsə bilərsən, lakin azadlıq üçün döyünən ürəyi susdura bilməzsən. İran xalqı azadlıq ideyasını ürəklərində yaşadır. Zaman və İran ətrafında formalaşacaq yeni geosiyasi konfiqurasiyalar bu arzunu gec-tez siyasi reallığa çevirəcək”.

Atilla Rzasoy

Seçilən
143
nocomment.az

1Mənbələr