Depressiyadan xilas olmaq mərhələli və çoxşaxəli bi prosesdir.
Bu barədə psixoloq Əbdül Səlimli Far.Az-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, ilk addım insanın "mən zəifəm" düşüncəsindən çıxıb "mənim köməyə ehtiyacım var və bu müalicə oluna bilər" mövqeyinə gəlməsidir.
"Depressiya xarakterimizin qüsuru deyil, psixoloji vəziyyətdir. Ən təsirli yol psixoloq və ya psixiatr dəstəyidir. Psixoterapiya (xüsusən koqnitiv-davranış terapiyası) mənfi düşüncə sxemlərini dəyişməyə kömək edir", - deyə mütəxəssis bildirib.
Əbdül Səlimli deyir ki, bəzi hallarda həkim nəzarəti ilə dərman müalicəsi də lazım olur:
"Unutmamalıyıq ki bu, "asılılıq" deyil, beynin kimyəvi balansının bərpasıdır.
Depressiya deyiləndə ilk ağla gələn hal insanın təkliyə meyil etməsidir. Halbuki ailə, dost, güvənli ünsiyyət qoruyucu faktordur. Kiçik də olsa gündəlik sosial təmas çox önəmlidir".
Yuxu saatlarının tənzimlənməsi
Mütəxəssis deyir ki, fiziki hərəkət, qidalanma və su rejimi beyində serotonin və dopamin səviyyəsinə birbaşa təsir edir:
"İnsan öz-özünə daim "bacarmıram, dəyərsizəm" mesajı verirsə, depressiya dərinləşir. Terapiyada bu daxili dialoq daha real və mərhəmətli dillə əvəz olunur. Kiçik hədəflər təyin etmək və bu hədəflərdən əldə edilən uğur böyük təsirə malikdir.
Təəsüf ki yaxınlarımızdan eşitdiyimiz "Özünü ələ al"kömək etmir. Dinləmək, mühakimə etməmək, müalicəyə yönləndirmək ən doğru dəstək formasıdır".
Əbdül Səlimli xüsusi vurğulayıb ki, depressiya tale deyil, müalicə olunan vəziyyətdir:
"İnsan tək mübarizə aparmaq məcburiyyətində deyil; elmi metodlar, peşəkar dəstək və sosial bağlar birləşəndə sağalma real və mümkündür".
Ziya SƏCCAD