AZ

Nobel Komitəsi: Nərgiz Məhəmmədi həbsxanada vəhşicəsinə döyülüb

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

İranda hüquq müdafiəçisi və Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi cəmi bir neçə gün əvvəl yenidən yeddi ildən artıq müddətə azadlıqdan məhrum edilib. Onun vəkili sağlamlıq problemləri barədə məlumat vermişdi. İndi isə Norveç Nobel Komitəsinin sərəncamında həbsxanada ona qarşı amansız rəftarla bağlı etibarlı məlumatlar var.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazır.

Komitə İrandakı yoxlanılmış mənbələrə istinadən bildirir ki, dekabrın 12-də Məhəmmədi vəfat etmiş hüquq müdafiəçisi vəkil Xosrov Əlikürdinin anım mərasimində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Məlumatlara görə, təhlükəsizlik qüvvələri onu taxta dəyənəklər və rezin çubuqlarla döyüb, saçından tutaraq yerdə sürüyüb. Nəticədə baş dərisinin bəzi hissələri qopub və açıq yaralar əmələ gəlib. Məhəmmədinin çanaq nahiyəsinə dəfələrlə təpik vurulduğu da qeyd edilir.

"Onun vəziyyətinin kritik olmasına baxmayaraq, uzun müddət pəncərəsiz, daimi süni işıqlandırılan, soyuq döşəməli və yetərsiz örtüklə təmin olunmuş təkadamlıq kamerada saxlanılıb", deyə komitənin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilir. 

Bildirilir ki, dəhlizlərdə gənc qadınların qışqırıqları eşidilib. Həbsxananın həyətində məhbusları qorxutmaq məqsədilə dar ağacı quraşdırılıb. Məhəmmədi müxtəlif saxlanma yerlərinə köçürülüb. Xarici xəsarətlərlə yanaşı, o, kəskin ürək problemlərindən və yüksək qan təzyiqindən də əziyyət çəkir.

"Onun uzun müddət yaşaya bilməyəcəyindən ciddi şəkildə narahatıq", deyə Norveç Nobel Komitəsinin sədri Yörgen Vatne Fridnes bildirib.

O, bu rəftarı "qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəza” və "beynəlxalq insan hüquqlarının kobud şəkildə pozulması” kimi qiymətləndirib. Komitə İran hakimiyyətini Nərgiz Məhəmmədini dərhal və qeyd-şərtsiz azad etməyə və ona müstəqil, peşəkar tibbi yardıma çıxış imkanı yaratmağa çağırıb: "Onun çəkdiyi əzablar İranda kütləvi etirazlardan sonra baş verən amansız repressiyaların növbəti sarsıdıcı nümunəsidir".

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Bir neçə gün əvvəl Məşhəd İnqilab Məhkəməsi Nərgiz Məhəmmədi barəsində qərar verib. Məhkəmə pnu 7,5 il azadlıqdan məhrum edib və 2 illik sürgün cəzası verib. Hüquq müdafiəçisi Cənubi Xorasanın Xosf şəhərində 2 illik sürgün həyatı keçirəcək və 2 il ölkədən çıxa bilməyəvək.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr