AZ

Axtarışa verilən Abbas Abbasov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir.

Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

O, Azərbaycan Respublikası ərazisindən kənarda olduğu və istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

AZXEBER.COM Abbas Abbasovla bağlı bəzi məlumatları təqdim edir.

Əvvəlcə qeyd edək ki, Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub.

1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972–1973-cü illərdə hərbi xidmətdə olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri vəzifələrində işləyib.

1990–1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub.

2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

İstefaya çıxandan sonra Azərbaycanı tərk edərək Rusiyaya köçüb. Burada əvvəlcə yaxın dostu, "AST Şirkətlər Qrupu”nun prezidenti Telman İsmayılovun yanında fəaliyyətə başlayıb, şirkətin vitse-prezidenti təyin olunub.

2013-cü ildə Rusiya Xalqları Assambleyasının 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib. Bu dönəmdə onun Azərbaycana münasibətinin dəyişməsi haqda xəbərlər yayılıb.

Sərbəst güləş üzrə idman ustası olan A.Abbasov 15 il Azərbaycan Güləş Federasiyasına rəhbərlik edib.

Ailəlidir, 4 övladı var.

Oğlu Aydın Abbasov Gəncə şəhərinin III və IV çağırış deputatı olub.
 

Seçilən
37
7news.az

1Mənbələr