Rusiyanın Ukrayna ilə müharibədə əsgər ehtiyacını ödəmək üçün müqavilə əsasında Afrikadan gəncləri cəlb etdiyi iddia olunub.
Publika.az xəbər verir ki, Avropa mətbuatında yer alan xəbərlərə görə, Moskva gəncləri iş imkanları və yaxşı həyat vədləri ilə birbaşa ön cəbhəyə göndərir.
Araşdırmalara əsasən, 2023-2025-ci illər arasında təxminən 1400 afrikalı gənc Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və müharibədə iştirak edib. 300-dən çoxu isə qısa müddət sonra həlak olub.
Bir çox gənc bildirir ki, cəmi bir neçə günlük əsas təlimdən sonra birbaşa cəbhəyə göndəriliblər. Onların iddiasına görə, müqavilələrin əksəriyyəti Kiril qrafikası ilə yazılıb və heç bir tərcümə olmadan imzalanıb. Maaş, tibbi sığorta və vətəndaşlıq kimi vədlərin əksəriyyəti ya yerinə yetirilməyib, ya da çox aşağı səviyyədə olub.
Hətta bəzilərinə müharibədə iştirak edəcəyi ilə bağlı ümumiyyətlə məlumat verilməyib. Onlara əvvəlcə təmizlik və mətbəx işləri üçün işə götürüldükləri deyilib, lakin Rusiyaya gəldikdən sonra əsgərə çevriliblər.