Premyer Liqa təmsilçisi “Zirə”nin yeni transferi Eren Aydının keçidi ilə bağlı hüquqi problem yaranıb.
"Unikal" Tsport.az-a istinadən xəbər verir ki, futbolçunun Ukraynanın “Veres” klubu ilə 2028-ci ilə qədər qüvvədə olan rəsmi və hüquqi baxımdan etibarlı müqaviləsi mövcuddur. Buna baxmayaraq, oyunçu klubun rəsmi icazəsi olmadan komandanı tərk edib və daha sonra “Zirə” FK tərəfindən yeni transfer kimi elan olunub.
“Veres” klubunun bu keçidə razılıq vermədiyi və müqavilə hüquqlarını qorumaq üçün rəsmi hüquqi prosedurlara başlamağa hazırlaşdığı bildirilir. Artıq müvafiq sənədlərin Azərbaycan klubunun ünvanına göndərildiyi və FIFA-ya rəsmi şikayətin hazırlandığı qeyd olunur.
Klub futbolçunun məşqlərə icazəsiz və xəbərsiz qatıldığını da rəsmi şəkildə açıqlayıb. “Veres”in baş məşqçisi İvan Nadein məsələ ilə bağlı danışaraq oyunçunun geri qayıtmasını gözlədiklərini bildirib:
Onun sözlərinə görə, klub Eren Aydına rəsmi məktub göndərərək geri dönməsini istəyib: “Biz hələ də oyunçunun geri qayıda biləcəyini gözləyirik. Ona məktubla da bildirmişik ki, onu gözləyirik və getməsi çox böyük səhv olacaq. Onun qüvvədə olan müqaviləsi var və klubumuz bu müqavilənin bütün şərtlərini tam yerinə yetirir. O da müqaviləyə əməl etməlidir.”
Nadein həmçinin futbolçunun agentlərini ittiham edib: “Təəssüf ki, biz Eren Aydının agentləri tərəfindən birbaşa şantajla üzləşmişik. Onlar kluba açıq şəkildə hədələr ediblər. Müxtəlif təkliflər irəli sürürdülər, lakin bunların heç biri konkret deyildi, daha çox mesajlar və təzyiq idi. Görünür, onu başqa kluba sataraq komissiya qazanmaq istəyirlər.”
Baş məşqçi əlavə edib ki, məsələ hüquqi müstəviyə keçə bilər: “Biz hesab edirik ki, bu hərəkətlər Eren Aydının karyerasına zərər verəcək. Onu indi götürəcək klub da bizim qarşımızda birgə məsuliyyət daşıyacaq. Hüquqlarımızı qorumaq üçün məhkəmələrə müraciət edəcəyik.”
Məsələnin beynəlxalq transfer qaydaları və müqavilə öhdəlikləri ilə bağlı olduğu üçün FIFA səviyyəsində araşdırılacağı qeyd olunur.