AZ

Gürcüstan 6 ildən çox yaşı olan avtomobillərin idxalını qadağan edir

Gürcüstan hökuməti altı ildən çox yaşı olan minik avtomobillərinin idxalını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Azpost.info bildirir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

“Əlbəttə ki, kiçik istisnalar nəzərə alınacaq. Biz hesab edirik ki, altı ildən çox yaşı olan avtomobillərin idxal edilməməsi son dərəcə vacibdir. Bu, ətraf mühit, ictimai sağlamlıq və əhalinin rahat nəqliyyatının təmin edilməsi üçün vacibdir”, – deyə Baş nazir İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi idxalı məhdudlaşdırmağı təklif edib.

Son illərdə Gürcüstanda nəqliyyat vasitələrinin sayı kəskin şəkildə artıb. “2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyata alınıb və 2025-ci ilin məlumatına görə, bu rəqəm 2 milyonu keçib. Nəqliyyat vasitələrinin sayında bu artım tıxaclara və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Biz hesab edirik ki, burada tədbir görülməlidir”, – deyə baş nazir qeyd edib.

Gürcüstanın xarici ticarətində minik avtomobillərinin idxalı və ixracı birinci yerdədir.

2025-ci ildə Gürcüstan 3,87 milyard dollar dəyərində minik avtomobili idxal edib (2024-cü il səviyyəsi ilə müqayisədə 11,5% artım) və ölkənin ümumi idxalının 20,9%-ni təşkil edib. Gürcüstandan minik avtomobillərinin təkrar ixracı ötən il 16% artaraq 2,8 milyard dollara çatıb. Bu da Gürcüstan ixracının 38%-dən çoxunu təşkil edir.

Əsas idxal ABŞ, Yaponiya və Almaniyadan gəlir, 2025-ci ildə isə əsas təkrar ixrac istiqamətləri Qırğızıstan, Qazaxıstan və Azərbaycan olub.

AzPost.az

Seçilən
20
azpost.info

1Mənbələr