AZ

Ukrayna Rusiyada hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri fevralın 12-nə keçən gecə Rusiya ərazisində və müvəqqəti işğal olunmuş bölgələrdə bir sıra hərbi obyektlərə zərbələr endirib.

SİA xarici KİV-ə istinadən xəbər veriri ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiya Federasiyasının Volqoqrad vilayətinin Kotluban qəsəbəsi yaxınlığında raket, sursat və partlayıcı maddələrin saxlanıldığı Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinə (GRAU) məxsus böyük arsenal hədəfə alınıb.

Bildirilir ki, bu obyekt Rusiya ordusunun sursat saxladığı ən böyük anbarlardan biridir. Arsenala Ukraynanın uzaqmənzilli zərbə vasitələri – FP-5 “Flamingo” sistemi ilə zərbə endirilib. Obyekt ərazisində güclü partlayışlar və sonradan təkrar detonasiyalar qeydə alınıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Rusiyanın Tambov vilayətinin Miçurinsk şəhərində aviasiya və raket sistemləri üçün yüksək texnoloji avadanlıq istehsal edən “Miçurinsk Proqres” zavodu da hücuma məruz qalıb. Rusiya ordusunun təminatında iştirak edən müəssisənin ərazisində yanğın baş verdiyi bildirilir. Dəymiş ziyanın həcmi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Eyni zamanda, Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində – Terpinnya və Rozivka yaşayış məntəqələri yaxınlığında düşmənin sursat anbarlarına zərbələr endirildiyi qeyd olunub.

Baş Qərargah həmçinin fevralın 11-də Volqoqrad vilayətində yerləşən Volqoqrad neft emalı zavoduna endirilən zərbənin nəticələrini də təsdiqləyib. Məlumata görə, müəssisədə neftin ilkin emalı qurğusu ELOU-AVT-1, eləcə də AVT-3 kompleksinin elementləri və bir sıra infrastruktur obyektləri zədələnib.

Digər emal sahələrində isə istehsal gücünün azaldıldığı və ya fəaliyyətin müvəqqəti dayandırıldığı bildirilib.

Bundan başqa, bu gün səhər saatlarında Rusiyanın Komi Respublikasının Uxta şəhərində – Ukrayna sərhədindən təxminən 2000 kilometr məsafədə yerləşən “Lukoyl-Uxtaneftepererabotka” neft emalı zavodunun da pilotsuz uçuş aparatları ilə vurulduğu barədə məlumat yayılıb.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
20
sia.az

1Mənbələr