AZ

Tələbələr dövlət qurumlarında 6 ay işləsin! TƏKLİF

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Dünya ali təhsil seqmentinin təcrübəsinə nəzər saldıqda müşahidə etmək mümkündür ki, bu cür təhsil sistemində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Xüsusilə bir sıra Avropa ölkələrində tətbiq olunan modelə əsasən, tələbələr təhsil müddətində müəyyən zaman kəsiyini, məsələn 6 ayı - əmək fəaliyyətinə, onların praktiki təcrübələrinə həsr edilir. Bu müddət ərzində onlar həm ixtisaslarına uyğun sahələrdə çalışır, eləcə də real iş mühitində təcrübə qazanırlar. Bu gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərlə erkən mərhələdə əlaqə qurmasına və gələcək karyera perspektivlərinin formalaşması baxımından da müsbət olaraq qiymətləndirilir.

Mövcud qlobal çağırışlar və əmək bazarının sürətlə dəyişən tələbləri fonunda belə bir modelin ölkəmizda tətbiqi məsələsi də gündəmə gəlir. Həmçinin modelin ölkəmizdə tətbiqi imkanlarının araşdırılması, eləcə də bu məsələnin parlament müstəvisində müzakirəyə çıxarılması da təhsil və məşğulluq siyasətinin uzlaşdırılması baxımından əhəmiyyətli addım kimi ictimai müzakirə predmetinə çevrilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov qeyd edib ki, dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda, xüsusilə Avropa dövlətlərində ali təhsil sistemində tədris prosesinin müəyyən hissəsinin, adətən 6 aylıq müddətin tələbələrin real iş mühitində fəaliyyətinə həsr edildiyini müşahidə edirik.

“Dual təhsil modeli” və ya “kooperativ təhsil” kimi tanınan bu yanaşma təhsil ilə əmək bazarı arasında birbaşa əlaqə yaradır və tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə imkan verir. Almaniya, Avstriya, Niderland və digər ölkələrin təcrübəsi göstərir ki, bu model gənclərin məzun olduqdan sonra iş tapmaq imkanlarını əhəmiyyətli dərəcədə artırır və işəgötürənlərin ixtisaslı kadr ehtiyacını daha effektiv şəkildə qarşılayır”.

Milli Məclisin üzvü nəzərə çatdırıb ki, Azərbaycanda da bu modelin tətbiqi mümkündür və hətta mövcud çağırışlar fonunda zəruri hesab edilə bilər:

“Hazırda ali təhsil müəssisələrində istehsalat və pedaqoji təcrübə mövcud olsa da, əksər hallarda bu proses qısa müddətli və formal xarakter daşıyır, əmək bazarı ilə sistemli və institusional əlaqə zəif qurulur. Halbuki təhsil müddətində daha uzunmüddətli, ödənişli və dövlət dəstəyi ilə müşayiət olunan iş təcrübəsi mexanizmi yaradılarsa, tələbələr hələ təhsil aldıqları dövrdə peşə bacarıqlarını inkişaf etdirə, gələcək iş yerlərinə adaptasiya prosesini asanlaşdıra və əmək stajı qazana bilərlər”.

V.Qafarov həmçinin vurğulayıb ki, belə bir modelin tətbiqi üçün ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsi vacibdir:

“Təhsil haqqında” Qanuna və Əmək Məcəlləsinə dual ali təhsil modelini tənzimləyən müddəaların əlavə edilməsi, tələbə-təcrübəçi statusunun hüquqi cəhətdən müəyyənləşdirilməsi və sosial sığorta mexanizminin formalaşdırılması zəruridir. Eyni zamanda, dövlət tərəfindən maliyyə və stimullaşdırıcı mexanizmlər tətbiq oluna bilər. Məsələn, işəgötürənlər üçün vergi güzəştləri, tələbələrin əməkhaqqının müəyyən hissəsinin subsidiya edilməsi, strateji və prioritet ixtisaslar üzrə xüsusi dövlət proqramlarının hazırlanması bu modelin cəlbediciliyini artıra bilər”.

Deputat bildirib ki, digər mühüm istiqamət institusional əməkdaşlığın gücləndirilməsidir:

“Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və sahibkar qurumları arasında koordinasiyalı fəaliyyət mexanizminin qurulması, universitetlərdə karyera və sənaye əlaqələri mərkəzlərinin daha aktiv fəaliyyət göstərməsi vacibdir. Modelin tətbiqinə bütün ixtisaslar üzrə birdən-birə deyil, ilkin mərhələdə pilot layihə formatında xüsusilə mühəndislik, informasiya texnologiyaları, aqrar və sənaye sahələrində başlanılması daha məqsədəuyğun olar. Pilot mərhələnin nəticələri əsasında mexanizmlər təkmilləşdirilərək daha geniş tətbiq mümkün ola bilər”.

V.Qafarov onu da əlavə edib ki, Milli Məclis səviyyəsində də bu məsələ geniş müzakirəyə çıxarıla bilər:

“Elm və təhsil komitəsində dinləmələrin təşkili, ekspertlərin, rektorların və işəgötürənlərin iştirakı ilə müzakirələrin aparılması, qanunvericilik təşəbbüslərinin hazırlanması real addımlar sırasında ola bilər. Gənclərin məşğulluğu və insan kapitalının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və təhsilin iqtisadiyyatla daha sıx inteqrasiyası uzunmüddətli perspektivdə ölkənin rəqabət qabiliyyətini artıracaq əsas amillərdən biridir.

Nəticə etibarilə, ali təhsil müddətində 6 aylıq sistemli və dövlət dəstəyi ilə təşkil olunan praktiki iş mərhələsinin tətbiqi Azərbaycanda həm mümkündür, həm də strateji baxımdan faydalıdır. Əsas məsələ təhsil, dövlət və biznes əməkdaşlığının davamlı və institusional əsasda qurulmasıdır. Düzgün planlaşdırma və mərhələli icra ilə bu model gənclərin peşəkar inkişafına, əmək bazarının keyfiyyətli kadr təminatına və ümumilikdə milli iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfə verə bilər”, - deyə deputat fikrini tamamlayıb.

Təhsil sahəsi üzrə tədqiqatçı Elmin Nuri isə bildirib ki, ümumiyyətlə, bu məsələdə bir detalı xüsusi diqqətdə saxlamalıyıq:

“Dünyanın bəzi universitetlərində tətbiq olunan “3+1” modeli var. Bu modelə əsasən tələbə hər hansı ixtisas üzrə üç il universitetdə auditoriya mühitində təhsil alır. Təbii ki, bu yanaşma bütün ixtisaslara şamil edilə bilməz. Mühəndislik, texnologiya və xüsusilə də tibb ixtisaslarına bu model qətiyyən aid deyil. Tibbdə isə ümumiyyətlə tətbiqi mümkün deyil.

Lakin orta statistik bəzi ixtisas profilləri var ki, həmin sahələrdə “3+1” modelindən istifadə olunur. Adından da göründüyü kimi, üç il nəzəri biliklərə, bir il isə yalnız və yalnız istehsalatda praktik tətbiqə həsr edilir. Ümumilikdə dörd illik müddət tələbəlik dövrü hesab olunur.

Bizdə isə bu model tətbiq edilmir. Bəli, praktikalar var, lakin praktika müddətində tələbə yenə də universitetə tabedir, gedib-gəlir və proses tam istehsalat mühitinə inteqrasiya olunmur. Bundan əlavə, universitetlə bağlı müəyyən prosedurlar həll olunur. Halbuki qeyd etdiyimiz modeldə üç ildən sonra tələbə auditoriya mərhələsini başa vurur və bir il icbari istehsalat təcrübəsi keçir”.

Mütəxəssisin sözlərinə görə, bu yanaşmanı tətbiq edən universitetlərin əksəriyyəti öz çağdaş inkişaf trayektoriyasını və strategiyasını elm-sənaye-innovasiya üçbucağı üzərində qurur:

“Burada elm və biznes əlaqəsinə, bu ikiliyə xüsusi diqqət yetirilir və bütün proqramlar da bu istiqamətə yönəldilir. Universitet düşünür ki, mən tələbə hazırlayıram və bu tələbənin funksiyalarından biri də gələcəkdə dəyər yaratmaq, iqtisadi mexanizmlərdə iştirak etməkdir. Bu, tələbəyə sırf maddi dividend kimi baxmaqla yanaşı, eyni zamanda onu iqtisadi və innovativ sistemin aktiv iştirakçısı, müəyyən bir kadr kimi görmək yanaşmasıdır.

Bu, dünyanın çağdaş ali təhsil trendlərindən biridir və burada qeyri-adi və ya neqativ heç nə yoxdur. Sadəcə olaraq biz özümüzə sual verməliyik: bizim universitetlər bu gün elm-sənaye-innovasiya üçbucağında haradadır? Onların bu üçbucaqdakı mövqeyi nə dərəcədə aktivdir?

Əgər onlar bu modeli tətbiq etsələr, yaxud sizin qeyd etdiyiniz kimi altı aylıq modelə keçsələr, ümumiyyətlə hər hansı struktur dəyişikliyi etsələr və ya etməsələr - nə dəyişəcək? Bu məsələdə tələsməməliyik. Dövlət tərəfindən xüsusilə süni intellekt və rəqəmsallaşma sahəsində çox mühüm addımlar atılır və demək olar ki, yeniliklərdən kənarda qalmırıq”.

E.Nuri hesab edir ki, elmi müəssisənin özü də bu tətbiqə tam hazır olmalı və prosesə paralel şəkildə getməlidir:

“Burada məsələ yalnız arzu ilə həll olunmur. Bir tərəfdən istəyi formalaşdırıb, digər tərəfi nəzərə almadan addım atmaq doğru olmaz. Əks halda, sonradan reallıqla üzləşib bunun bizə uyğun olmadığını demək məcburiyyətində qala bilərik. Halbuki reallığı əvvəlcədən düzgün qiymətləndirmək daha məqsədəuyğundur.

Məncə, əvvəlcə universitet səviyyəsində proqram hazırlanmalıdır. Hər bir konkret ali təhsil müəssisəsi öz strategiyasını müəyyənləşdirərkən inkişaf mexanizmini necə hesabladığını aydın şəkildə ortaya qoymalıdır. Tələbənin istehsalat və auditoriya, nəzəriyyə və praktika müstəvisindəki yerini necə müəyyənləşdirəcəyini dəqiqləşdirməlidir. Bu modelin tətbiqini düşünməzdən əvvəl universitet özü-özünə sual verməlidir: biz buna nə dərəcədə hazırıq?”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
modern.az

1Mənbələr