AZ

“Futboldan başı çıxan adam yoxdu ki, başa salasan nə necə olmalıdı” - “Forza Neftçi”dən mümkün təxirəsalma ilə bağlı açıqlama

Son bir həftədə ölkə futbolunun gündəmi qarşıdakı “Neftçi” - “Qarabağ” oyunudu. “Neftçi” oyunun təxirə salınması ilə bağlı təklifi yaxın buraxmır, belə addımın komandanın planlarını pozacağını deyir. “Forza Neftçi” də qarşılaşmanın təxirə salınmasına qarşı çıxıb.

Lakin “Qarabağ”ın prezidenti Tahir Gözəlin “Neftçi”dən xahiş etməsi təxirəsalma variantını yenidən gündəmə gətirib. Hələ də 21-ci turun fevralın 21-nə nəzərdə tutulan oyununun həmin gün keçiriləcəyi, yoxsa təxirə salınacağı bilinmir. Təxirəsalma qərarı olarsa, “Forza Neftçi” buna necə reaksiya verəcək?

Fanklubun rəhbəri Səccad Abbasovun “Futbol+”ə açıqlaması:

“Bu haqda nə demək olar e... Biz dedik, “Neftçi” rəhbərliyi də sağ olsun, dediyimizi təsdiqlədi. Klub olaraq, özünü idman prinsiplərinə uyğun apardı, dedi ki, oyun olmalıdı, olmadı, alınmadı. Özlərini illərdi necə aparırlar, indi də bu yola əl atdılar. Söhbət “Nyukasl”la oyunun yorğunluğundan getmir, çempionatda sərgilədikləri oyunun “Neftçi” ilə matçda da olacağından ehtiyatlandılar. İdman prinsipi deyə bir şey yoxdu. Ölkədə də 90 faiz kütlə uğur fanatıdı. Futboldan başı çıxan adam yoxdu ki, başa salasan nə necə olmalıdı. Deyirlər ki, “Qarabağ” Azərbaycanın adını yüksəldir. Bunun üçün uşaq futbolunu, milli komandanı inkişaf etdirməliyik. İllərdi deyirlər ölkədə futbol yoxdu. Lazım olsa, ölkədə futbol yaratmaq olar. Futbol var. Uşaq futbolu tapşırıqla idarə olunmasa, hər şey şəffaf olsa, inkişaf da olar”.

Yeri gəlmişkən, fevralın 9-u “Forza Neftçi”nin yarandığı gün idi. 17 yaşını tamamlayan fanklub bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Fevralın 9-u həm bizə, həm də sizlərə xüsusi gündü. Çünki 17 il əvvəl məhz bu gün Azərbaycan tribunasını inkişafa aparacaq “Forza Neftçi” yarandı. İllərdi dəyişməyən təməl məqsəd olan - “Neftçi” uğrunda artıq 17 ildibirləşmişik. Klubun ürək açmayan nəticələri fonunda bizim gündən-günə daha da güclənməyimiz, əlbəttə, bir-birimizə qarşı sərgilədiyimiz davranış sayəsindədi. Çünki “Forza Neftçi”, sadəcə, bir azarkeş qrupu deyil, ailədi! Sadəcə, yaşımız artır, bizim “Neftçi”yə və ölkə tribunasına qarşı davranışımız dəyişmir. Lider olmağa, getdiyimiz hər yerdə öz adımızdan söz etdirməyə davam edəcəyik. Əlbəttə, dəstəklədiyimiz klubun qeyri-sabitliyi bir gün sona çatacaq. Onda həm bizdən, həm “Neftçi”dən indikindən qat-qat çox qorxacaqsız. Sadəcə, hər şeyin öz vaxtı var. Ad günümüz münasibətilə hərbi xidmətdə və təhsili ilə bağlı xaricdə olan hər bir üzvümüzü təbrik edirik. Həm 2-ci Qarabağ müharibəsində canını Vətən uğrunda qurban vermiş, həm də vaxtsız dünyasını dəyişmiş qardaşlarımızın da daim qəlbimizdə olduqlarını qeyd etmək istərdik. Hər bir üzvümüzə həmişəki kimi möhkəm və güclü qalmağı arzulayırıq! 17 yaşımız mübarək!”

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
27
1
football-plus.az

2Mənbələr