AZ

Azərbaycanın Fələstin siyasətini anlamayanlara Ərəb parlamentindən mesaj...



Ceyhun Məmmədov: “...Yaxın Şərqlə bağlı siyasəti bir çox dairələrdən dəstəklənir və ölkəmizin bu istiqamətdə atdığı addımlar da çox yüksək qiymətləndirilir”

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ərəb Parlamentinin prezidenti ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə Prezident İlham Əliyevə ərəb xalqı adından dərin təşəkkürünü bildirib.

Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırlayıb, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.

Ərəb Parlamentinin prezidenti Azərbaycanın Fələstin problüminə yanaşmasını düzgün adlandırıb. Bu Azərbaycana Yaxın Şərq probleminə görə bəzi irad tutanlara cavab sayıla bilərmi?

Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, Azərbaycan bir çox mühüm məsələlərdə çox dəqiq mövqe ortaya qoyur: “Yəni Azərbaycan özünün prinsipial və qətiyyətli siyasətini həyata keçirir. Azərbaycan bütün məsələlərdə, eləcə də Fələstin məsələsində beynəlxalq hüququn yanındadır və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini dəstəkləyir. Yəni Azərbaycan hər zaman bu cür mövqeni və bu cür yanaşmanı ortaya qoyub. Hesab edirəm ki, bu çox doğru və ədalətli bir yanaşma idi ki, Azərbaycan bu gün bunu həyata keçirir, bu istiqamətdə addımlar atır. Azərbaycan BMT-nin qətnaməsinə əsasən iki dövlətin yaradılmasının tərəfdarıdır. Dövlətimiz Fələstində nümayəndəlik açıb, bu gün Azərbaycanın İsraildə səfirliyi var, bu gün Azərbaycan Fələstində məktəb tikir, ölkəmizdə Fələstin nümayəndəliyinə yer verib, bütün platformalarda Fələstin xalqına öz dəstəyini ifadə edir. Yəni bir müsəlman ölkəsi kimi Azərbaycan hər zaman bu məsələdə, bu mövzuda özünün prinsipial möveyini qoruyub”.

C.Məmmədov qeyd etdi ki, bu gün Azərbaycan Yaxın Şərqdə aktiv bir fəaliyyət, siyasət həyata keçirir. “Azərbaycanın Yaxın Şərqlə bağlı siyasəti bir çox dairələrdən dəstəklənir və ölkəmizin bu istiqamətdə atdığı addımlar da çox yüksək qiymətləndirilir. Bu anlamda fikrimcə, Ərəb Parlamenti də bu məsələni yüksək qiymətləndirir ki, Azərbaycanın bu məsələdə mövqeyi çox doğrudur və beynəlxalq hüquqa əsaslanır”.

C.Məmmədov əlavə etdi ki, biz həm beynəlxalq hüquq tərəfdarıyıq, buna paralel olaraq da yalnız beynəlxalq hüquqa yox, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müsəlman həmrəyliyinə də töhfə verdiyini görürük.

İradə SARIYEVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr