AZ

14 Fevral Sevgililər Günü: Romantika, yoxsa sosial mediada nümayiş?

14 Fevral Sevgililər Gününün populyarlaşmasını yalnız romantika ilə izah etmək təbii ki, sadəlövhlük olardı. Müasir dövrümüzdə hər şey kimi münasibətlər də istehlak məntiqinə uyğunlaşır. Yəni, hisslər də bazar dinamikasından kənarda qalmır. Sevgi simvolik olaraq varlığını qoruyur, amma onun qarşı tərəfə ifadə olunma tərzi, çatdırılma forması çiçək, hədiyyə, restoran rezervasiyası və s. üzərindən aparılır. Kobud bənzətmə etsək, romantika hələ də var, amma paketlənmiş formada. Sevgi var, yoxa çıxmayıb, amma marketinq şöbəsinin nəzarətinə keçib. İnsanilikdən uzaqlaşıb.

Bu barədə sosioloq Yusif Nəbiyev Missiya.Az-a danışıb.

"Sosial şəbəkələr isə Sevgililər Gününü tamamilə dəyişdirib və onu səhnələşmiş hala gətirib. Amerikalı sosioloq Qoffmanın təbirincə desək, insanlar sosial həyatda daim səhnədədirlər və öz obrazlarını qururlar. İndi bu fenomen özünü Sevgililər Günündə daha da şiddətli və açıq tərzdə büruzə verir. Artıq bu gün öz mahiyyətini dəyişib və intim münasibətdən daha çox ictimai bir nümayişə, tamaşaya çevrilib. Hər bir hədiyyə dərhal paylaşılır. Hər təbrik mesajı dərhal "screenshot" olunur və ictimailəşdirilir. (Sanki ictimai bir çəkisi varmış kimi) Və təəssüf ki, insanlarda qəribə bir fikir formalaşır sanki: “Story” yoxdursa, romantika da şübhə altındadır. Hədiyyələr göstərilməyibsə, deməli yoxdur ki, göstərilməyib. Necə də iyrəncdir, düzdür?",-sosioloq bildirib.

Yusif Nəbiyevin sözlərinə görə, nəticədə isə bu, münasibətləri dərinlikdən daha çox vizuallığa, kosmetikləşməyə sürükləyir. İnsanlar münasibətlərin keyfiyyətini paylaşımların keyfiyyəti ilə ölçürlər. Hədiyyənin özü və təqdimatını formatı ilə dəyərləndirirlər. Sevgi artıq təkcə hiss yox, həm də sosial performansdır.

"Bu günü qeyd etməyənlərə münasibət isə maraqlı sosial dinamika yaradır. Əgər cəmiyyətdə bir davranış normaya çevrilirsə, ondan kənarda qalmaq avtomatik olaraq “problemli seçim” kimi qavranılır. Burada fransız sosioloq Emile Durkheimin “normativ təzyiq” anlayışı işləyir: kollektiv norma fərdi seçimə çevrilir və fərqli davrananlar dolayısı ilə sorğulanır. Sevgililər Gününü qeyd etməmək şəxsi qərar olsa da, sosial mühit bunu bəzən “romantika yoxsulluğu" kimi oxuyur",-Y.Nəbiyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
102
missiya.az

1Mənbələr