AZ

NATO Qrelandiya ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

NATO sürpriz bir addım atıb.

Belə ki, yeni “Arktika keşikçisi” missiyası çərçivəsində keçiriləcək manevrlərdə iştirak etmək üçün bölgəyə onminlərlə hərbçinin göndərilməsi planlaşdırılır. Bunu NATO-nun baş katibi Mark Rütte açıqlayıb. O bildirib ki, təlimlərə Qrenlandiya və Norveç manevrləri də daxildir. Üstəlik, Rütte bu addımla Rusiya və Çinin Qrenlandiyaya və onun iqtisadi resurslarına çıxış əldə etməsinin qarşısını almağı hədəflədiklərini də söyləyib.

Bəs bu, Qrelandiyaya hərbi müdaxilə üçün ilkin təlim və ya bu yöndə təzyiq sayıla bilər? 

Siyasi şərhçi Ülviyyə Zülfüqar Hit.az-a açıqlamasında bildirib ki, Arktika son illərdə təkcə iqlim dəyişikliyinin deyil, həm də böyük güclər arasında rəqabətin əsas məkanlarından birinə çevrilib:


“NATO-nun “Arktika keşikçisi” kimi təqdim olunan genişmiqyaslı manevrləri ilk növbədə alyansın şimal cinahında hərbi hazırlığını artırmaq məqsədi daşıyır. Bu kontekstdə keçirilən təlimləri birbaşa hərbi müdaxiləyə hazırlıq kimi qiymətləndirmək doğru olmaz. Qrenlandiya onsuz da Danimarka Krallığının tərkib hissəsidir və Danimarka da NATO üzvüdür. Yəni söhbət müttəfiq ərazidə kollektiv müdafiə ssenarilərinin məşqindən gedir.

Lakin bu təlimlərin geosiyasi mesaj xarakteri daşıdığı da danılmazdır. Arktika marşrutlarının açılması, enerji resurslarına çıxış imkanlarının genişlənməsi bölgəni strateji baxımdan daha cəlbedici edib. Xüsusilə Rusiya son illərdə Arktikada hərbi infrastrukturunu gücləndirib, yeni bazalar yaradıb. NATO-nun genişmiqyaslı manevrləri də bu fəallığa cavab kimi görünür”.

Ekspert qeyd edib ki, burada Çin amili də nəzərə alınmalıdır:
“Çin özünü “Arktikaya yaxın dövlət” kimi təqdim edir və bölgədə elmi, logistika və investisiya layihələrini artırır. Alyansın hərbi mövcudluğunu nümayiş etdirməsi rəsmi Pekinə də dolayı mesajdır ki, Arktikada təhlükəsizlik məsələləri əsasən qərbin nəzarətində qalacaq. Sözügedən manevrləri Qrenlandiyaya qarşı hərbi təzyiq kimi deyil, Arktikada güc balansının qorunması cəhdi kimi dəyərləndirmək daha realdır”.

Elmir Mustafa


 

Seçilən
15
hit.az

1Mənbələr