AZ

ABŞ və İran arasında kritik mərhələ: Müharibə ssenarisi reallaşa bilərmi?

Yaxın Şərqdə artan gərginlik təkcə region ölkələrini deyil, qlobal iqtisadi sistemi də diqqətlə izləməyə vadar edir. Xüsusilə enerji marşrutlarının təhlükəsizliyi və bazar sabitliyi kimi məsələlər Azərbaycan kimi enerji ixracatçısı ölkələr üçün də xüsusi əhəmiyyət daşıyır. Mövcud şəraitdə baş verə biləcək hərbi ssenarilərin həm siyasi, həm də iqtisadi nəticələri çoxşaxəli qiymətləndirilməlidir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqlar davam etdiyi müddətdə genişmiqyaslı hərbi eskalasiya ehtimalı yüksək qiymətləndirilmir:

“Lakin tərəflər arasında mövqelərin ciddi şəkildə fərqlənməsi risk faktorunu gündəmdə saxlayır. Onun sözlərinə görə, İran yalnız nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsinə açıqdır, ABŞ və İsrailin irəli sürdüyü digər tələbləri, xüsusilə proksi qüvvələrə dəstək və ballistik raket proqramının məhdudlaşdırılması ilə bağlı şərtləri qəbul etmir. Bu isə kompromis imkanlarını məhdudlaşdırır və gərginliyi tam aradan qaldırmır”.

Ekspert diqqətə çatdırıb ki, İsrailin mövqeyi də prosesə əlavə təsir göstərir:

“Baş nazir Benyamin Netanyahunun ABŞ səfəri çərçivəsində İran məsələsinin əsas müzakirə mövzusu olması və İsrail mediasında səslənən mümkün birtərəfli zərbə iddiaları regionda qeyri-müəyyənliyi artırır. Bununla belə, politoloq hesab edir ki, hərbi ssenari ən arzuolunmaz variantdır və tərəflər mümkün müdaxilənin qısa müddətli və məhdud xarakter daşımasına çalışa bilərlər”.

Enerji bazarına təsir məsələsinə gəlincə, Qasımov qeyd edib ki, ciddi və uzunmüddətli münaqişə baş vermədiyi, xüsusilə də İran tərəfindən Hörmüz boğazının bağlanması kimi addım atılmadığı təqdirdə, qlobal bazarlarda kəskin sıçrayış gözlənilmir. O xatırladıb ki, əvvəlki məhdud hərbi toqquşmalar zamanı enerji qiymətlərində ciddi dalğalanma müşahidə olunmayıb:

“Bu baxımdan, mümkün əməliyyatların qısa və hədəfli olması enerji bazarına təsiri minimuma endirə bilər. Münaqişənin uzanması və Hörmüz boğazının bağlanması ssenarisi reallaşarsa, bu, dünya enerji təchizatında ciddi problemlər yarada bilər. Lakin ABŞ-ın iri neft istehsalçısı olması onun daxili bazarını qorumaq imkanlarını artırır. Digər idxalçı ölkələr isə daha həssas mövqedə qala bilər.

Rusiyanın mümkün qazancına gəlincə, hesab edirəm ki, enerji qiymətlərinin artımı Moskvanın gəlirlərinə müəyyən təsir göstərə bilər. Ancaq Rusiya neftinə tətbiq olunan sanksiyalar və qiymət tavanı mexanizmi bu dividentlərin miqyasını məhdudlaşdırır”.

Qasımov ümumi mənzərədə vurğulayıb ki, hazırda dünya nizamının yenidən formalaşması prosesi gedir və bu mərhələdə enerji resursları, nəqliyyat dəhlizləri və strateji xammal üzərində nəzarət uğrunda rəqabət daha da güclənir. Azərbaycan kimi enerji və tranzit ölkəsi üçün əsas prioritet regional sabitliyin qorunması, alternativ marşrutların inkişafı və balanslı xarici siyasətin davam etdirilməsidir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr