Novruzəli Aslanov: “Vitse-prezident Vensin ölkəmizə səfəri Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi Qərb dairələrinə də tutarlı cavabdır”
“ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu hadisə təkcə diplomatik protokol çərçivəsində baş tutmuş görüş deyil, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın artan rolunun beynəlxalq səviyyədə təsdiqidir. Prezident İlham Əliyev mətbuata bəyanatında ABŞ administrasiyasının ölkəmizə göstərdiyi müsbət münasibəti xüsusi vurğulayaraq, imzalanan sənədin altı aylıq intensiv işin nəticəsi olduğunu qeyd etdi. Bəyanatda səslənən fikirlərdən aydın olur ki, Vaşinqtonda başlanan dialoq Bakı mərhələsində artıq konkret siyasi sənədlə möhkəmləndirilib və bu, tərəflərin strateji baxışlarının üst-üstə düşdüyünü göstərir.”
Bunları aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili daha sonra bildirib ki, Xartiyanın əsas müddəalarından biri kimi tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləməsi xüsusi siyasi məna daşıyır: “Bu prinsipial yanaşma regionda uzun illər davam etmiş münaqişə mərhələsindən sonra formalaşan sülh arxitekturasına güclü beynəlxalq dəstək deməkdir. ABŞ kimi qlobal gücün bu mövqeni açıq şəkildə ifadə etməsi Azərbaycanın haqlı mövqeyinin diplomatik müstəvidə daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, təhlükəsizlik və antiterror əməkdaşlığının genişləndirilməsi barədə razılaşmalar Cənubi Qafqazın sabitlik zonasına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xartiyanın Təhlükəsizlik Əməkdaşlığı bölməsində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi niyyətinin ifadə olunması göstərir ki, tərəfdaşlıq formal xarakter daşımır, real mexanizmlərlə təmin olunacaq. Bu, Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Vitse-prezident Vensin səfəri həm də Azərbaycanın uğurlarını həzm edə bilməyən və müxtəlif siyasi təzyiq mexanizmlərindən istifadə etməyə çalışan bəzi Qərb dairələrinə tutarlı cavabdır. ABŞ-ın ən yüksək siyasi rəhbərliyinin Bakıya səfəri və strateji sənədin imzalanması göstərir ki, Azərbaycanla əməkdaşlıq praqmatik maraqlara və qarşılıqlı hörmətə əsaslanır. Beləliklə, bu səfər Azərbaycanın regional güc statusunun beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqi olmaqla yanaşı, ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun uğurunu nümayiş etdirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.