Azərbaycan hökumətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) böyük maraq göstərməsi göz önündədir.
"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave QHT-lər üçün təşkil edilmiş "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə çıxışı zamanı deyib.
BMT rəsmisi qeyd edib ki, hazırda Bakıda WUF13 üçün intensiv hazırlıq işləri gedir:
"WUF13 Azərbaycanda iz qoymalıdır. Burada iştirakçı sayından daha önəmli məqam güclü tərəfdaşlıqlar, peşəkar şəbəkələşmədir".
A.Soave həmçinin əlavə edib ki, artıq Azərbaycan QHT-lərindən 90 istiqamət üzrə təklif qəbul edilib:
"Qlobal miqyasda isə ümumilikdə 1400 təklif təqdim olunub və onlardan 350-si seçiləcək. Seçilməyən təkliflər üçün də alternativ iştirak imkanları yaradılacaq. Onlar dəyirmi masalarda iştirak edə biləcək, fikir mübadiləsi aparacaq".
Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.