AZ

Hazır qidaları alarkən nələrə diqqət etməli? -Ekspertdən XƏBƏRDARLIQ

Qablaşdırılmış hazır yeməklər mütləq işlək soyuducularda saxlanılmalıdır. Əgər məhsul soyuducudan kənarda yerləşdirilibsə, onu almaq tövsiyə edilmir.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya X5 şirkətinin qida təhlükəsizliyi üzrə direktoru Yelena Krupskaya məlumat verib.

Onun sözlərinə görə, ilk növbədə məhsulun harada yerləşdirildiyinə diqqət yetirilməlidir. “Qablaşdırılmış hazır yemək işlək soyuducuda saxlanılmalıdır. Əgər onu soyuducudan kənarda görsəniz, bu, təhlükəsiz deyil. İsti şəraitdə hazır yemək maksimum 30 dəqiqə qala bilər”, – deyə o bildirib.

Ekspert həmçinin plastik qablaşdırmada olan məhsullara üstünlük verilməsini məsləhət görüb. Hazırda istehsalçılar əsasən karton və plastik qablaşdırmadan istifadə edirlər. Karton qablaşdırma adətən hermetik olmur və belə məhsulların alındıqdan dərhal sonra istehlak edilməsi tövsiyə olunur. Plastik qablaşdırma isə daha etibarlı hesab edilir. Qaz mühiti dəyişdirilmiş (modifikasiya olunmuş) qablaşdırma oksigensiz mühit yaradır və təhlükəli bakteriyaların artmasının qarşısını alır, konteyner isə məhsulu xarici təsirlərdən qoruyur.

Krupskaya vurğulayıb ki, məhsulun son istifadə tarixi mütləq yoxlanılmalıdır. Onun sözlərinə görə, sənaye şəraitində, “fabrika-mətbəx”də istehsal olunan yeməklər qaz mühiti dəyişdirilmiş qablaşdırma sayəsində bir həftəyədək təzə qala bilər. Qablaşdırmanın üzərində istehsalçının adı, ünvanı və əlaqə məlumatları da göstərilməlidir.

Ekspert əlavə edib ki, məhsulun və qablaşdırmanın xarici görnüşünə də diqqət yetirilməlidir. Əgər alınmış hazır yeməyin keyfiyyətsiz və ya xarab olduğu aşkar edilərsə, alıcı pulunu geri tələb etmək və ya kompensasiya almaq hüququna malikdir.

Nuriyyə NATİQQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr