AZ

Azərbaycandan Rusiyaya yük aparıb nəqliyyat vasitəsini satan şəxs müalicə müəssisəsində öldü

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Adəm Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, prosesdə ittiham aktı elan edilib.


İttihama əsasən, Adəm Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilib. Ona qarşı irəli sürülmüş ittihamda göstərilir ki, təqsirləndirilən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ortaq tanışları vasitəsilə tanıdığı zərərçəkmiş Həsrət Əmirovla (adı, soyadı şərtidir) əlaqə yaradıb.


Belə ki, özünü sürücü kimi təqdim edən Adəm zərərçəkmiş şəxsə məxsus yükü sonuncuya aid avtomobillə təyinat ünvanına çatdıracağını vəd edib. 18 avqust 2024-cü il tarixdə yəhərli dartıcı və “SCHMITZ” markalı yarımqoşqunun istifadəsinə dair etibarnamə alıb.


İttihama görə, 2024-cü ildə ümumi dəyəri 85 000 manat olan nəqliyyat vasitələri – 62 500 manat dəyərində yük maşını və 22 500 manat dəyərində “SCHMITZ” markalı yarımqoşqu Abşeron rayonu, Masazır qəsəbəsi, 4 nömrəli məktəbin qarşısından Rusiyanın Moskva şəhərinə yük aparılması məqsədilə yola çıxarılıb. Lakin yük Moskva şəhərində boşaldıldıqdan sonra nəqliyyat vasitələri təyinatı üzrə Azərbaycana qaytarılmayıb və sahibinə təhvil verilməyib.


İstintaq materiallarında qeyd olunur ki, Adəm həmin nəqliyyat vasitələrini istintaqa məlum olmayan şəxsə və istintaqa məlum olmayan məbləğə satmaqla ələ keçirib və nəticədə Həsrətə 85 000 manat məbləğində külli miqdarda ziyan vurub.


Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib və iş məhkəmə baxışına verilib. Sonrakı mərhələdə məhkəmə istintaqı aparılıb, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər dindirilib. Məhkəmə iclası 08 dekabr 2025-ci il tarixə təxirə salınıb.


Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən məhkəməyə daxil olan məktubda Adəm Quliyevin ağciyər vərəmi xəstəliyindən müalicə aldığı müəssisədə vəfat etdiyi bildirilib.


Bununla əlaqədar məhkəmə iclasında vəfat etmiş təqsirləndirilən şəxsin yaxın qohumlarına Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələbləri izah edilməklə müvafiq bildirişin göndərilməsi qərara alınıb və məhkəmə iclası qanunvericiliklə müəyyən edilmiş müddətdən az olmamaq şərti ilə təxirə salınıb.


Məhkəmənin göndərdiyi bildirişə əsasən, vəfat etmiş Adəm Quliyevin anası məhkəməyə rəsmi ərizə ilə müraciət edərək mərhumun hüquqi varisi qismində tanınmaq istədiyini bildirib. O, eyni zamanda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.


Qərara əsasən, cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə bağlı xitam verilib. Adəm Quliyev barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş hesab edilib.

Kamal Məmmədov 

Tarix: 12 Fevral 2026, 08:46   
Seçilən
32
3
pravda.az

5Mənbələr