Hava şəraitinin soyuq olması ilə əlaqədar bəzi sürücülər, xüsusilə, taksi sürücüləri avtomobili yol kənarında işlək vəziyyətdə saxlayıb yatırlar. Əksər avtomobillər, hətta havaya atılmalı qazı salona buraxır. Bu da təhlükə yaradır.
Tanınmış avto bloqer, aparıcı Elgün Xıdırov Pravda.az-a açıqlamasında bu kimi halların təhlükəsindən danışıb.

E.Xıdırov deyib ki, avtomobilin yol kənarında, yolun hərəkət hissəsində saxlanılması onun işlək vəziyyətdə olub-olmamasından asılı olmayaraq çox təhlükəlidir, bu, qəzaya səbəb ola bilər: “Belə qəzalar dəfələrlə baş verib. Bu barədə videolar var. Avtomobil müxtəlif səbəbdən yolun hərəkət hissəsində saxlanılır. Hətta qəza vəziyyətinə düşmüş, təkəri deşilmiş avtomobillərin saxlanılması ağır qəzalarla nəticələnir. Yol hərəkəti qaydaları baxımından avtomobilin yol kənarında saxlanılması qətiyyən tövsiyə olunmur. İkinci vəziyyət isə avtomobili işlək vəziyyətdə saxlayaraq yatmaqdır. Açıq havada, yaxud qapalı ərazilərdə olsun, fərqi yoxdur, hər iki hal təhlükəlidir. Avtomobilin qapalı ərazilərdə saxlanılması, ümumiyyətlə, təhlükəlidir. Bu halda maşının işlək vəziyyətdə olması da qadağandır. Bəs açıq havada avtomobili işlək halda saxlamağın təhlükəsi varmı? Bəli, yenə var. Çünki avtomobilin salonuna karbonmonoksid (CO) daxil ola bilər. Bilirik ki, avtomobilin içində olan havanın necə də olmasa, klimat sisteminin qoşulmasından asılı olaraq xariclə əlaqəsi ola bilər, yaxud olmaya bilər. Hətta avtomobildə yalnız qapalı sistem qurduqda oksigen çatışmazlığı yaranır. Bunu insan özündə hiss edə bilmir. Avtomobilin salonunun xariclə əlaqəsinin olması üçün onun müxtəlif yerlərində əks rezin klapanlar var. Bunlardan hansısa işlək olduqda, yaxud olmadıqda da salona daxil olan karbonmonoksidin miqdarı cüzi konsentrasiya halında belə, artıq zəhərləyicidir. İnsan bunu hiss etmir. Qanı zəhərləyən çox cüzi miqdarda konsentrasiya ölümə gətirib çıxara bilir. Avtomobil yatmaq yeri deyil, mənzil başına çatmaq üçündür. Yol kənarında işlək vəziyyətdə və yaxud digər səbəblərdən avtomobili saxlamaq olmaz. Avtomobil yolun hərəkət hissəsindən maksimum kənarlaşdırılmalıdır. CO, yəni karbonmonoksidin rəngi, qoxusu yoxdur. İnsan bunu hiss etmir. Karbonmonoksidin miqdarı 0,08 % olduqda insan baş ağrısı və boğulma hiss edir. CO-nun konsentrasiyası 0,32 %-ə yüksəldikdə iflic və güclü yorğunluq yaranır, hətta 30 dəqiqə ərzində ölüm baş verir. Konsentrasiya 1,2 %-dən yuxarı olduqda isə insan iki-üç nəfəsdən sonra komaya düşür və 3 dəqiqədən az müddətdə ölür”.
Aytəkin Qardaşova