Şirkət qərarı korporativ strategiyanın dəyişməsi və tədqiqat prioritetlərinin yenilənməsi ilə izah edir...
Poliqon xəbər verir ki, ABŞ-nin nüfuzlu sosioloji qurumu olan Gallup İnstitutu 88 il ərzində apardığı prezidentlərin fəaliyyətinə ictimai dəstək səviyyəsinin monitorinqini dayandırdığını açıqlayıb. Franklin Ruzveltin prezidentliyi dövründən etibarən Ağ Evə münasibəti ölçən və bu sahədə əsas istinad mənbələrindən biri sayılan institut qərarın korporativ strategiyada baş verən dəyişikliklərlə bağlı olduğunu bildirib.
Şirkətin açıqlamasında qeyd olunur ki, bundan sonra diqqət daha çox aktual ictimai problemlər və dövlət siyasəti ilə bağlı sorğulara yönəldiləcək. “Liderlərin reytinqləri institutun tarixinin bir hissəsi olub. Eyni zamanda, bu göstəricilər ətrafındakı kontekst dəyişib”, – deyə Gallup nümayəndələri bildiriblər.
İnstitut vurğulayıb ki, hazırda prezident reytinqləri ilə bağlı araşdırmalar çoxsaylı təşkilatlar tərəfindən hazırlanır, toplanır və şərh edilir. Bu səbəbdən də sözügedən sahə artıq Gallup-un özünəməxsus və fərqli töhfə verə biləcəyi istiqamət kimi qiymətləndirilmir. Rəhbərlik qərarı “yalnız tədqiqat məqsədləri və şirkətin prioritetlərinə əsaslanan strateji dəyişiklik” adlandırıb.
Axios nəşri Gallup-un prezident reytinqlərini amerikalıların Ağ Evə münasibətinin “tarixi barometri” kimi səciyyələndirib. The New York Times isə institutun sorğularının uzun illər ictimai rəyin etibarlı göstəricisi kimi qəbul olunduğunu yazır.
Gallup-un rəsmi saytında dərc olunan son məlumatlara əsasən, prezident Donald Trampın fəaliyyətinə ictimai dəstək səviyyəsi 36 faizə qədər enib. Bu göstərici son dövrlərdə azalma tendensiyasını əks etdirir.
Axios-un siyasi təzyiqlərin bu qərara təsir edib-etmədiyi ilə bağlı sualına cavab olaraq institut belə amillərin rol oynamadığını bildirib və qərarın sırf strateji xarakter daşıdığını vurğulayıb.
Müşahidəçilər hesab edirlər ki, Gallup-un bu addımı ABŞ-də ictimai rəyin ölçülməsi sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, prezident reytinqləri uzun illər ölkənin siyasi dinamikasının əsas indikatorlarından biri sayılırdı və seçki proseslərinə, partiyadaxili müzakirələrə, eləcə də beynəlxalq imicə təsir göstərirdi.
Poliqon.info