AZ

Nazir: Astana Almaniya ilə Orta Dəhlizin inkişafında maraqlıdır

ain.az, Azertag saytına istinadən bildirir.

Astana, 12 fevral, AZƏRTAC

Mərkəzi Asiya dünya iqtisadiyyatının yeni artım nöqtəsinə çevrilib. Onun beynəlxalq subyektliyik və beynəlxalq proseslərdə rolu güclənir.

AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bunu bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Ermek Koşerbayev “Mərkəzi Asiya – Almaniya” (C5+1) formatında keçirilmiş xarici işlər nazirlərinin görüşündə deyib.

“Biz “Mərkəzi Asiya – Almaniya” formatını ümumi çağırışlara birgə cavabların işlənib hazırlanması və bütün region üçün faydalı konkret layihələrin həyata keçirilməsi məqsədilə strateji platforma kimi nəzərdən keçiririk”, – deyə o qeyd edib.

E.Koşerbayev vurğulayıb ki, Mərkəzi Asiya regionu ölkələrinin iqtisadiyyatları bir-birini tamamlayır və onların ümumi resurs ehtiyatının Almaniyanın qabaqcıl texnologiyaları ilə birləşdirilməsi qarşılıqlı faydalı tərəfdaşlıq üçün güclü potensial yaradır. Bununla yanaşı, Qazaxıstan üçün energetika və təbii resursların mənimsənilməsi sahəsində iqtisadi qarşılıqlı fəaliyyət və qarşılıqlı əlaqə xüsusi əhəmiyyət kəsb edir.

Nazir Almaniya Federativ Respublikası ilə iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində, Almaniya investisiyalarının cəlb olunmasında və sənaye kooperasiyasının inkişafında maraqlı olduqlarını təsdiqləyib. Almaniyanın aparıcı texnoloji tərəfdaş və mühüm investor kimi rolu, həmçinin enerji resurslarının tədarükü, “yaşıl” enerji və dekarbonizasiya layihələri daxil olmaqla, energetika sahəsində əməkdaşlığın perspektivliyi xüsusi qeyd edilib.

O, Qazaxıstanın Avropa ilə Asiya arasında əsas tranzit qovşağı kimi üstünlüklərinə diqqət çəkib və dayanıqlı nəqliyyat-logistika dəhlizlərinin, o cümlədən Orta Dəhlizin inkişafı üzrə Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə edib.

Bundan əlavə, görüş zamanı Mərkəzi Asiyanın strateji sabitlik regionu olduğu vurğulanıb. Qazaxıstan üçün regional əməkdaşlığın möhkəmləndirilməsi xarici siyasətində prioritet məsələdir, Almaniya ilə qarşılıqlı fəaliyyət isə onun dayanıqlı inkişafının təmin edilməsi, su ehtiyatlarının idarə olunması və transsərhəd risklərin qarşısının alınması məsələsinin mühüm aspektidir.

Plenar görüşün yekunlarına əsasən iştirakçılar “Mərkəzi Asiya – Almaniya” formatının konkret təşəbbüslər və praktik layihələrlə daha da zənginləşdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
azertag.az

3Mənbələr