AZ

“Real Sosyedad” derbidə “Atletik”ə qalib gəldi

Son üç ayda üçüncü dəfə Bask derbisində üz-üzə gələn “Atletik” və “Real Sosyedad” bu dəfə İspaniya Kuboku çərçivəsində qarşılaşıblar.

90deqiqe.Az-ın məlumata görə, oyunun ilk hissəsinin ortalarında İnyiqo Lekue sağ cinahda rəqibini fintlə keçərək topu müdafiəçinin ayaqları arasından ötürüb və Qorka Qurusetaya ötürmə edib. Hücumçunun başla zərbəsi isə birbaşa qapıçıya tuş gəlib. Qonaqlarda Pablo Marin sağ cinahdan sürətlə irəliləyərək cərimə meydançasına daxil olub və yaxın küncə zərbə vurub, lakin qolkiper topu əli ilə dəf etməyi bacarıb.

Karlos Soler sol cinahdan cərimə zərbəsini uzaq dirəyə doğru ötürüb. Martin yaxın məsafədən zərbə endirsə də, qapıçı vaxtında mövqe seçərək topun qarşısını alıb.

İkinci hissənin əvvəlində qonaqlar baxımlı hücum təşkil ediblər. Qonsalu Gedeş sol cinahdan ötürmə edib, Mikel Oyarzabalın bir toxunuşla sağ küncə yönəltdiyi zərbəni qolkiper sıçrayışla qaytarıb. Əks-hücumun davamında Marin iki metrdən dirəyə tuş gəlib. Daha sonra Gedeş yenidən sol cinahdan cərimə meydançasına daxil olaraq 15 metrdən zərbə vursa da, top uzaq dirəyin yanından keçib.

62-ci dəqiqədə Soler sağ cinahdan Gedeşi qapıçı ilə üz-üzə çıxarıb. Portuqaliyalı hücumçu isə topu sağa ötürərək Benyat Turrientesə boş qapıya dəqiq zərbə vurmaq imkanı yaradıb – 0:1.

Qeyd edək ki, Arsen Zaxaryan zədə səbəbindən matçı buraxıb. “Real Sosyedad” iki oyundan ibarət qarşıdurmanın ilk görüşündə qələbə qazanıb. Cavab matçı martın əvvəlində keçiriləcək.

Seçilən
17
90deqiqe.az

1Mənbələr