AZ

“Litva dövləti xalqın möhkəm iradəsi nəticəsində reallığa çevrildi” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Litvanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin müstəqilliyinin 108-ci ildönümü və bu tarixi günə həsr edilmiş “Čiurlionis in Jazz – Günəşin Prelüdiyası” adlı tədbir təşkil olunub.

Hafta.az yazır ki, hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Litvanın Dövlət himnlərinin səsləndirilib.

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus çıxış edərək bildirib ki, uzun illər davam edən təzyiqdən sonra 1918-ci il fevralın 16-da Litva dövlətçiliyi elan edilib. “Müharibələrdən viran qalmış Avropa yeni yaranmış dövləti isti qarşılamayıb. Amma Litva dövləti yalnız xalqın möhkəm iradəsi və istiqlal uğrunda aparılan qəhrəmanlıq mübarizəsi nəticəsində reallığa çevrildi. 1918-ci ildə Azərbaycan da müasir milli dövlət yaratmaq kimi son dərəcə çətin bir vəzifə ilə üz-üzə qalmışdı. Burada müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk parlamentli demokratiya yaradılıb. 108 il əvvəl yaranan dövlətlərimiz imperialist qüvvələrin təsiri nəticəsində müstəqilliyini itirsə də, biz heç vaxt ümidsiz qalmadıq və müstəqillik xalqlarımızın ürəyində yaşamağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enməz! Bu sözlər yalnız ruhlandırıcı deyil, həm də gələcəyə işarə idi. 1990-cı illərdə ölkələrimizin müstəqilliyini yenidən bərpa etdik və bu yeni dövlətin yaradılması yox, haqsız yerə alınan müstəqilliyin geri qaytarılması oldu” deyən səfir Kestutis Vaşkeleviçus xatırladıb ki, 1990-cı ilin yanvarında Bakıda və 1991-ci ilin yanvarında Vilnüsdə günahsız və əliyalın əhali tankların qarşısında dayandı və onların əzmkarlığı xalqlarımız arasında ən güclü həmrəylik bağı yaratdı.

“Müstəqillik Litvaya hədiyyə olunmadı – ölkəmiz iqtisadi blokadaya alındı, davamlı enerji təzyiqi, genişmiqyaslı dezinformasiya kampaniyaları və hibrid hücumlarla üzləşdi. Bu gün bəzi xalqlar üçün gözlənilməz olan hallar Litva üçün gündəlik reallıq idi və onlarla mübarizə aparmaq genetik kodumuzun ayrılmaz hissəsinə çevrildi” deyən səfir qeyd edib ki, bu gün Ukrayna da öz müstəqilliyi uğrunda çətin, amma şərəfli mübarizə aparır. Rusiya tərəfindən aparılan müharibənin dörd ili ərzində biz anladıq ki, azadlığa ən böyük təhlükə açıq müharibə yox, məsuliyyət hissinin tədricən zəifləməsi, yəni dəyərlərimizin başqaları tərəfindən qorunmasına inanmaqdır.

Təbrik nitqi ilə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litva ilə ölkəmiz arasında əla əlaqələr olub və Bakıda Litvanın Baş konsulluğu fəaliyyət göstərib. O illərdə çox sayda litvalı Azərbaycanda yaşayırdı ki, bu da ölkələrimiz arasında əlaqələrin tarixi rəmzi hesab edilə bilər.

“Azərbaycan və Litva dövlətləri öz müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf edib. Diplomatik müstəvidə aparılan dialoq, fərqli səviyyələrdə rəsmi səfərlər də əlaələrimizin inkişafını sürətləndirib. O cümlədən, 2007-ci ildə Prezident İlham Əliyevin Litvaya səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb” deyən nazir müavini əlavə edib ki, 2025-ci ildə də iki ölkə arasında yüksək səviyyəli səfərlər davam edib.

Nazir müavini bildirib ki, Azərbaycanla Litva arasında siyasi dialoqun davam etməsi, eləcə də iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu nəzərə alaraq, bu il qarşılıqlı səfərlərin və hökumətlərarası komissiyanın iclasının təşkili nəzərdə tutulub.   

Çıxışlar başa çatdıqdan sonra tədbir tanınmış pianist Salman Qəmbərovun rəhbərliyi altında Bakı Caz Qrupunun ifaları ilə davam edib.

Seçilən
37
hafta.az

1Mənbələr