Məsud Pezeşkianın bəyanatı ABŞ ilə danışıqlar fonunda səslənib, MAQATE rəhbəri isə Tehranın şəffaflıq nümayiş etdirməsinin mümkün nəticələrinə diqqət çəkib...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə obyektlərini “istənilən yoxlama” üçün açmağa hazır olduğunu bəyan edib. Bu barədə The Financial Times nəşri məlumat yayıb.
Pezeşkian bildirib ki, Tehran nüvə silahı əldə etmək niyyətində olmadığını sübut etmək məqsədilə beynəlxalq yoxlamalara açıqdır. Onun sözlərinə görə, bu addım ABŞ tərəfindən mümkün hərbi əməliyyatların qarşısını almağa yönəlmiş davam edən danışıqlar fonunda atıla bilər. Bununla belə, İranın hazırkı siyasətinin yalnız qismən inspeksiyalara icazə verdiyi nəzərə alınsa, bu bəyanatın konkret və institusional dəyişiklik demək olub-olmadığı hələlik aydın deyil.
“Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahına sahib olmaq niyyətində deyilik. İstənilən yoxlamaya hazırıq”, deyə Pezeşkian vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi isə bildirib ki, agentliyin müfəttişləri aylar ərzində İranın uranın zənginləşdirilməsi üzrə üç mühüm obyektinə giriş icazəsi gözləyiblər. Qrossinin sözlərinə görə, həmin obyektlər 2025-ci ilin iyununda İsrail və ABŞ tərəfindən bombardmana məruz qalıb.
MAQATE rəhbəri qeyd edib ki, Tehran mühüm danışıqların getdiyi bir vaxtda mövqeyini dəyişərsə və tam şəffaflıq nümayiş etdirərsə, bu, regiondakı gərginliyə təsir göstərə bilər. “Bu, İranın şəffaflığa can atdığını, gizlətməli heç nəyi olmadığını göstərəcək və belə olan halda yeni hücumlar üçün istənilən əsaslandırma ən azı şübhəli görünəcək”, deyə Qrossi bildirib.
Ekspertlər hesab edirlər ki, Pezeşkianın açıqlaması Vaşinqton-Tehran xəttində aparılan mürəkkəb danışıqlarda mühüm siqnal ola bilər. Eyni zamanda, İranın real addımlar atıb-atmayacağı və MAQATE müfəttişlərinə tam çıxış verib-verməyəcəyi qarşıdakı mərhələdə aydınlaşacaq.
Poliqon.info