AZ

Vens Bakıdan qayıtdı, Moskva isə öz mövqeyində israr edir – Rusiya “qan-qan” deyir!

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri başa çatdıqdan sonra Moskvanın İrəvana təzyiqlərinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, Rusiya siyasi ideyadan sürətlə real infrastruktur layihəsinə çevrilən TRIPP layihəsindən kənarda qalmasından açıq şəkildə narazıdır və təşəbbüsə gec mərhələdə qoşulmaq üçün cəhdlər göstərir.

Yanvarın ortalarında Vaşinqton və İrəvan arasında imzalanmış çərçivə sənədi faktiki olaraq üçüncü tərəflərin iştirakını məhdudlaşdırır. Layihəyə qoşulma yalnız iki təsisçi tərəfin razılığı ilə mümkündür. Başqa sözlə, Rusiya nə ABŞ-la ikitərəfli razılaşmalar vasitəsilə, nə də Ermənistanla ayrıca danışıqlar yolu ilə bu mexanizmə daxil ola bilmir.

Vensin regiona səfərindən sonra Moskva Ermənistan üzərində təzyiqlərini gücləndirib. Bu, xüsusilə səfər günlərində “İzvestiya” qəzetində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin müsahibəsinin dərc olunması ilə diqqət çəkib. Həmin müsahibədə yüksəkvəzifəli diplomat Moskvanın mövqeyini açıq şəkildə ifadə edərək bildirib ki, “Tramp Yolu” layihəsi ilə bağlı Rusiya öz mövqeyini saxlayır, Ermənistan–ABŞ təşəbbüsünün detalları hələ araşdırılmalıdır və Moskva həm layihənin parametrlərini, həm də mümkün Rusiya iştirakını müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarla məsləhətləşməyə hazırdır.

Bunun ardınca Qaluzin Moskvanın faktiki olaraq təzyiq aləti kimi istifadə etdiyi arqumentləri sadalayıb. O xatırladıb ki, 2038-ci ilə qədər Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin törəmə qurumunun idarəsindədir, ölkədə Rusiya dəmir yolu ölçülərindən istifadə olunur və İranla sərhəddə Rusiya sərhədçiləri yerləşdirilib. Bundan əlavə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə istinad edərək “Rusiyasız tərəfdaşların çətinlik çəkəcəyini” vurğulayıb.

Qaluzinin sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı əsas razılaşmalar artıq Rusiya–Ermənistan–Azərbaycan formatında baş nazir müavinləri səviyyəsində hazırlanıb və Moskva bu nəticələri öz institusional bazası və yeni nəqliyyat layihələrində iştirak üçün əsas hesab edir.

Bu cür ritorika ilk dəfə səslənmir. Hər dəfə Ermənistan hakimiyyəti açıq şəkildə bildirir ki, TRIPP layihəsində Rusiyanın iştirakı nəzərdə tutulmur və bu məsələ müzakirə mövzusu deyil. Sonuncu dəfə bu mövzu Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvaya səfəri zamanı gündəmə gəlib. O, geri qayıdarkən rus jurnalistlərə açıqlamasında bildirib ki, bu layihə Ermənistan–ABŞ şirkətidir və başqa cür təsəvvür etmək mümkün deyil.

Simonyan əlavə edib ki, taxıl və ya yanacağın tranziti marşrutu avtomatik olaraq TRIPP-in bir hissəsinə çevirmir. O, yalnız nəzəri baxımdan digər istiqamətlər üzrə oxşar mexanizmlərin müzakirə oluna biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu cür modellər əvvəllər də nəzərdən keçirilib, lakin məhz ABŞ-la əməkdaşlıq çərçivəsində, prezident Trampın təşəbbüsü ilə layihə sülh prosesi kontekstində siyasi dəstək qazanıb.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da hökumətin mövqeyini açıq şəkildə ifadə edərək bildirib ki, “Tramp Marşrutu” layihəsində Rusiyanın iştirakı nəzərdə tutulmur. Onun sözlərinə görə, layihədə yalnız iki tərəf – ABŞ və Ermənistan iştirak edir, işlər artıq başlanıb və prosesi dayandırmaq mümkün deyil.

Bu yanaşma layihənin mülkiyyət strukturunda da öz əksini tapır. Əsas pay sahibi ABŞ-dır və operator şirkətdə 74 faiz paya malikdir. Bu isə o deməkdir ki, iştirakçıların tərkibində istənilən dəyişiklik Vaşinqtonun razılığı olmadan mümkün deyil. Eyni zamanda, İrəvanın razılığı olmadan Moskvanın qoşulması hüquqi baxımdan istisna olunur. Bu müddəa müqaviləyə bilərəkdən daxil edilib ki, Rusiya paralel siyasi razılaşmalar vasitəsilə layihəyə daxil ola bilməsin. Bu baxımdan, Moskvanın indiki təzyiqləri qanunauyğun görünür.

Qaluzinin bəyanatlarından Kremlin öz “kozırlarını” nümayiş etdirdiyi aydın görünür. Birinci amil İranla Ermənistan arasındakı sərhəddə yerləşdirilmiş Rusiya sərhədçiləridir. Marşrutun məhz bu ərazidən keçməsi nəzərdə tutulduğuna görə, təhlükəsizliyin böyük ölçüdə Rusiya hərbi amilindən asılı olduğu mesajı verilir.

İkinci təsir mexanizmi Ermənistan dəmir yollarının “Rusiya Dəmir Yolları”na bağlı “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən uzunmüddətli idarə olunmasıdır. Nəzəri baxımdan Moskva mövcud müqavilənin yeni çəkiləcək xətlərə də şamil edilməsinə çalışa və ya 2008-ci il razılaşmasına əsaslanaraq beynəlxalq arbitrajda səlahiyyət bölgüsünü mübahisələndirə bilər.

Bununla belə, Ermənistan hökuməti artıq bəyan edib ki, TRIPP çərçivəsində yaradılacaq infrastruktur Rusiya idarəçiliyinə verilməyəcək.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə istinad da daha çox siyasi xarakter daşıyır. İrəvanda açıq şəkildə Avropa İttifaqına yaxınlaşma kursundan danışılır və ölkənin gələcəkdə iki inteqrasiya modeli arasında strateji seçim etməli olacağı qəbul edilir. Mövcud dinamika bu vektorun hansı istiqamətə yönəldiyini göstərir.

Hazırda Ermənistan hakimiyyəti vurğulayır ki, “Tramp Marşrutu”nda ölkənin digər ərazilərində olduğu kimi Avrasiya İqtisadi İttifaqının gömrük və hüquqi normaları tətbiq ediləcək. Fevralın 10-da Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bu barədə məlumat verib. Onun sözlərinə görə, nəzarət maksimum dərəcədə texnoloji və distant formada həyata keçiriləcək.

Akopyan bildirib ki, yerüstü keçid məntəqələrində rentgen sistemlərinə qoşulmuş monitorinq mərkəzi yaradılır. Bu sistem yüklərin uzaqdan təhlilinə, seçmə yoxlama üçün obyektlərin müəyyən edilməsinə və daşıyıcılarla birbaşa təmasın minimuma endirilməsinə imkan verəcək. Şübhəli hallar aşkarlandıqda isə xüsusi əməkdaş müdaxilə edəcək. Eyni mexanizmin TRIPP marşrutunda da tətbiqi planlaşdırılır.

Nəticədə aydın mənzərə formalaşır: layihə sərt şəkildə məhdud iştirakçı dairəsi olan Ermənistan–ABŞ infrastruktur konstruksiyası kimi qurulur, Moskva isə regiondakı hərbi, logistika və institusional mövcudluğunu yeni dəhlizdə pay əldə etmək hüququna çevirməyə çalışır.

Hazırda İrəvan bu cəhdləri ardıcıl şəkildə bloklayır. Lakin səsləndirilən bəyanatlardan göründüyü kimi, Rusiyanın siyasi və iqtisadi təzyiqləri gələcəkdə daha da güclənə bilər.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
18
nocomment.az

1Mənbələr