AZ

Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə mühüm görüş keçiriblər.

TurkicWorld xəbər verir ki, bu, Trampın vəzifəyə qayıtmasından bəri iki lider arasında baş tutan yeddinci görüşdür. Görüşün əsas mövzusunu İranın nüvə proqramı və Qəzzada atəşkəs planı təşkil edib.

Netanyahu bu görüşdə ABŞ-ın İranla apardığı danışıqların dairəsini genişləndirməyə çalışır. İsrail tərəfi tələb edir ki, hər hansı bir saziş yalnız nüvə fəaliyyətlərini deyil, həm də Tehranın ballistik raket arsenalını və regiondakı proksi qüvvələrinə verdiyi dəstəyi də əhatə etməlidir. Netanyahu ABŞ-ı İranın vədlərinə güvənməməyə çağırıb.

Prezident Tramp isə Fox Business-ə verdiyi müsahibədə İranla "yaxşı bir sazişin" həm nüvə silahlarının, həm də raketlərin olmaması demək olduğunu vurğulayıb. O, həmçinin diplomatik səylərin uğursuz olacağı təqdirdə "çox sərt addımlar" atacağını və bölgəyə ikinci aviadaşıyıcı qrupunu göndərməyi düşündüyünü bildirib.

Görüşün digər mühüm mövzusu isə Qəzza zolağındakı vəziyyətdir. Trampın vasitəçiliyi ilə hazırlanan 20 bəndlik atəşkəs və yenidənqurma planı İsrail qoşunlarının geri çəkilməsi və HƏMAS-ın tərksilah edilməsi kimi məsələlərdə yaranan fikir ayrılıqları səbəbindən ləngiyir. Qeyd edək ki, Tramp Netanyahunun koalisiyasının əksinə olaraq, İordan çayının qərb sahilinin ilhaqına qarşı olduğunu bir daha bəyan edib.

Seçilən
18
turkic.world

1Mənbələr