AZ

Cənubi Qafqaz Ağ Ev üçün böyük əhəmiyyət daşıyır



ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza son səfəri təkcə protokol xatirinə deyil, həm də bir neçə aspektdən ciddi əhəmiyyət kəsb edirdi. İlk növbədə, ABŞ-da Respublikaçılar Partiyası daxilində hazırda Donald Tramp sonrası prezidentliklə bağlı ciddi mübarizə gedir. Əsas savaş isə vitse-prezident Cey Di Vens və Dövlət katibi Mark Rubio arasında gedir. ABŞ qanunlarına görə, xarici siyasətlə əsasən Dövlət katibi məşğul olur. Vitse-prezidentin işi isə əsasən daxili siyasətlə məşğul olmaqdır. Vensin anidən Cənubi Qafqaza səfər qərarı alması Mark Rubio ilə mübarizədə əlini gücləndirir.

İkinci vacib məsələ isə səfərin Cənubi Qafqazın bütün ölkələrini əhatə etməməsidir. Oğul Buş administrasiyası dövründə əsas diqqət Gürcüstana yönəldi. Corc Buş Cənubi Qafqaza gələn ilk ABŞ prezidenti kimi tarixə düşdü. Ancaq o, regionun digər ölkələri — Azərbaycan və Ermənistana getmədi. Yalnız Gürcüstanla kifayətləndi. Bu, həmin zaman Gürcüstanda hakimiyyətdə olan Mixail Saakaşviliyə böyük dəstək demək idi. Eyni siyasət Barak Obama dövründə də davam etdi.

Co Baydenin dövründə isə ABŞ Gürcüstanla münasibətləri pozaraq Ermənistanı seçdi. Bu da Cənubi Qafqazda balansı pozdu. Baydenin siyasi müttəfiqi olan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri də demokratların Ermənistana olan önəmini göstərirdi. Donald Tramp Baydenin Ermənistan siyasətini qoruyub saxladı, ancaq Azərbaycana da eyni ölçüdə dəstək verərək vəziyyəti balanslaşdırdı. Maraqlıdır ki, Vens Tiflisə getmədi və Trampın mövqeyini açıq şəkildə ortaya qoyur. Artıq regionda ABŞ-ın yeni müttəfiqi Gürcüstan yox, Azərbaycan və Ermənistandır.

Vitse-prezidentin səfəri zamanı ən çox diqqət çəkən məqam, şübhəsiz ki, TRİPP layihəsinin gələcəyi ilə bağlıdır. ABŞ-a görə, bu yol Ermənistanın suverenliyini qorumaqla Azərbaycanın iqtisadi maraqlarını təmin edən, o cümlədən ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsini təmin edən sülh dəhlizidir.
Ermənistanla əldə olunan iki razılaşma diqqəti daha çox cəlb edir: mülki nüvə enerjisi və çip texnologiyaları sahəsində əməkdaşlıq. ABŞ-ın Ermənistanla bu şəkildə strateji yaxınlaşmasının əsas səbəbi İranın buradakı təsirini yox etmək, Çinin bura gəlməsini əngəlləmək, Rusiyanın təsirini minimuma endirmək və Ermənistanı Rusiyanın orbitindən çıxararaq Qərb blokuna üzv etməkdir.

Azərbaycanla isə terrorizmlə mübarizə və süni intellekt sahəsində əməkdaşlıq haqqında razılaşma əldə edildi. Bu, həm ölkəmizin təhlükəsizlik arxitekturasının güclənməsinə, həm də süni intellekt texnologiyasında Azərbaycanın güclənməsinə gətirib çıxaracaq. Hazırda Azərbaycan hökuməti dünyada trend olmuş süni intellektin ölkəmizdə daha uğurlu tətbiqi istiqamətində addımlar atır. 11 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bunu deməyə əsas verir.

ABŞ-ın hazırkı vitse-prezidenti və potensial prezidentinin Cənubi Qafqaz səfəri onu göstərir ki, bu region Ağ Ev üçün böyük əhəmiyyət daşıyır. Vaşinqton Bakı və İrəvanla yüksək səviyyədə əməkdaşlığa maraqlıdır. Tramp administrasiyasına görə, Avropanı Çin və Mərkəzi Asiya ilə bağlayan, Rusiya və İranın qonşuluğunda yerləşən bu regionun siyasi-iqtisadi potensialı çox böyükdür.


Zeynal Əmrəliyev, politoloq
Seçilən
12
1
newscenter.az

2Mənbələr