Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə sadəcə texnologiya mövzusunda keçirilən növbəti iclas deyildi. Bu toplantı mahiyyət etibarilə Azərbaycanın gələcək taleyi, iqtisadi modeli və dünyadakı mövqeyi ilə bağlı verilən strateji mesaj idi. Bu müşavirədə səslənən fikirlər bir daha göstərdi ki, ölkə artıq neftdən, qazdan, tranzit yollarından sonra yeni mərhələyə – rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat mərhələsinə qədəm qoyur.
Bu, təsadüfi seçim deyil. Dünya dəyişir. İndi güclü olan ölkələr yalnız neftə, torpağa və silaha sahib olanlar yox, informasiyanı, datanı və süni intellekti idarə edənlərdir. Kim texnologiyanı idarə edirsə, gələcəyi də o idarə edir. Prezidentin çıxışında bu həqiqət açıq şəkildə hiss olunurdu: Azərbaycan kənardan baxan yox, bu dəyişimin içində olan ölkə olmaq istəyir.
Dövlət başçısı çıxışında rəqəmsal inkişafı ölkənin əsas prioritetləri sırasına daxil etdiyini bəyan etməklə əslində bir yol xəritəsi cızdı. Bu, “biz də rəqəmsallaşaq” tipli formal çağırış deyil, dövlətin inkişaf fəlsəfəsinin dəyişməsi deməkdir. Əgər dünən Azərbaycanın gücü boru kəmərlərində, limanlarda, dəmir yollarında idisə, sabah bu güc server otaqlarında, data mərkəzlərində, süni intellekt sistemlərində olacaq.

Prezidentin enerji potensialına xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. Data mərkəzləri enerji ilə işləyir. Süni intellekt enerjiyə “acdır”. Bu sahədə inkişaf etmək istəyən ölkə əvvəlcə güclü enerji bazasına malik olmalıdır. Azərbaycan bu baxımdan nadir üstünlüyə sahibdir. Neft, qaz, Günəş, külək, hidro – hamısı var. Prezident açıq dedi: bu potensial rəqəmsal inkişafın xidmətinə verilməlidir. Yəni enerji təkcə ixrac üçün yox, gələcəyin texnologiyası üçün istifadə olunmalıdır.
Coğrafi mövqe məsələsinə də fərqli prizmadan yanaşıldı. İndiyədək Azərbaycan “körpü ölkə” kimi təqdim olunurdu – Şərqlə Qərbin, Şimalla Cənubun arasında. İndi bu anlayış yeni məna qazanır: fiziki körpüdən rəqəmsal körpüyə keçid. Boru kəmərlərinin yanından fiber-optik xətlər, nəqliyyat dəhlizlərinin üzərindən data axınları keçməlidir. Bu, ölkənin geosiyasi rolunun yeni mərhələsidir.

Prezidentin ABŞ, Avropa və Çinlə strateji tərəfdaşlıqları vurğulaması da mühüm mesaj idi. Bu, sadəcə diplomatik balans deyil. Bu, texnologiya savaşında neytral, amma aktiv oyunçu olmaq cəhdidir. Azərbaycan bir qütbün arxasınca getmir, hər tərəflə işləyir və öz maraqlarını qoruyur. Rəqəmsal sahədə də bu siyasət davam etdirilir.
Müşavirədə verilən tapşırıqlar göstərdi ki, problem yalnız texnologiya çatışmazlığında deyil, idarəetmə sistemindədir. Prezidentin hər qurumda rəqəmsallaşmaya cavabdeh müavin təyin edilməsi tapşırığı bürokratik laqeydliyə qarşı açıq mesajdır: bu sahə ikinci dərəcəli məsələ deyil. Burada məsuliyyət olmalıdır. Hesabat olmalıdır. Nəticə olmalıdır.
“Mygov” platformasının vahid mərkəzə çevrilməsi ideyası isə dövlət-vətəndaş münasibətlərində inqilabi dəyişiklikdir. Bu, kağız daşıyıcılar, kabinetlər, növbələr, süründürməçilik dövrünün bitməsi deməkdir. Nazirliyin təqdim etdiyi doğum nümunəsi göstərir ki, dövlət artıq vətəndaşı arxasınca qaçdırmaq yox, onun problemini özü həll etmək istəyir.

Süni intellektlə bağlı səslənən fikirlər isə xüsusilə diqqətçəkicidir. Dövlət idarəçiliyində süni intellekt agentlərinin tətbiqi ideyası Azərbaycanda yeni düşüncə tərzinin formalaşdığını göstərir. Bu, qərarların daha dəqiq, daha sürətli, daha obyektiv verilməsi deməkdir. Bu, həm də korrupsiya risklərinin azalması deməkdir.
Nazirin “data lake” məsələsini qaldırması göstərdi ki, problem yalnız texnika deyil, məlumatların pərakəndə olmasıdır. Dövlət informasiyası bir yerdə toplanmasa, süni intellekt işləməyəcək. Prezidentin vahid koordinasiya tələbi bu boşluğu aradan qaldırmağa yönəlib.
Startaplar, innovasiya, vençur maliyyə mexanizmləri ilə bağlı səslənən fikirlər isə iqtisadiyyatın gələcək konturlarını göstərir. Məqsəd dövlət büdcəsindən asılı olmayan, özünü maliyyələşdirən, dünya bazarına çıxan texnoloji bizneslər yaratmaqdır. Bu, yeni orta təbəqənin, yeni biznes sinfinin formalaşması deməkdir.
Kibertəhlükəsizlik məsələsinin ayrıca vurğulanması isə çox vacib idi. Prezident açıq dedi: hücumlar olub, mənbə məlumdur. Bu, dövlətin rəqəmsal müstəvidə də mübarizəyə hazır olduğunu göstərir. Rəqəmsal inkişaf müdafiəsiz qala bilməz.

İnsan kapitalına verilən önəm isə bu strategiyanın ürəyidir. Texnologiyanı bina qurur, insan yaşadır. Kadr olmazsa, server də faydasızdır. Təhsil, kurslar, xaricdə təhsil, məktəb proqramları – hamısı bir məqsədə xidmət edir: gələcəyin vətəndaşını yetişdirmək.
Bu müşavirənin əsas mənası budur: Azərbaycan gələcəyi gözləmir, gələcəyi qurmağa başlayır.
Bu, sadəcə plan deyil. Bu, siyasi iradədir. Bu, dövlətin “biz dəyişməliyik” deməsidir. Bu, rahatlıq zonasından çıxmaq qərarıdır.
Bu müşavirə isə həmin yolun başlanğıc nöqtəsi kimi tarixdə qalacaq.
NOCOMMENT.az-ın analitik şöbəsi