Əslində mediasiya sahəsi olduqca genişdir və deyərdim ki, hələ tam açılmamış, kifayət qədər tədqiq edilməmiş bir sahədir.
Burada ailə, əmək, kommersiya, mülki, inzibati və digər istiqamətlər üzrə minlərlə maraqlı kazus mövcuddur. Hər bir mübahisənin arxasında isə özünü haqlı hesab edən bir insan dayanır.
Mübahisələrin böyük hissəsini, təbii ki, ailələri təşkil edən cütlüklər arasında yaranan anlaşılmazlıqlar təşkil edir.
Cütlüklər ayrılarkən hər iki tərəfin özünə görə haqlı səbəbləri olur.
Mənim məqsədim kimisə haqlı və ya haqsız çıxarmaq deyil, çünki mediasiyanın fəlsəfəsi də məhz bundan uzaq durmaqdır.
Odur ki, heç kəsi qınamadan və hər kəsə haqq verməklə, təcrübədən irəli gələn subyektiv fikrimi bölüşmək istərdim.
Mediasiyada öyrəndiyim həqiqətlərdən biri budur ki, cütlüklərin ayrılma səbəblərini araşdıranda çox vaxt oxşar ifadələrlə qarşılaşırıq.
Həm kişi, həm də qadın tərəf özünü münasibəti qoruyan, fədakar tərəf hesab edir, amma nəticədə münasibət yenə də pozulur.
Bu zaman hər iki tərəfin tez-tez işlətdiyi bir deyim ortaya çıxır: “Hər uğurlu kişinin arxasında güclü bir qadın var.”
Qadın bu ifadəni işlədərkən çox vaxt belə düşünür: kişi məhz onun dəstəyi sayəsində uğurlu olub.
Bəzi hallarda qadın ərinin daha da inkişaf etməsi üçün onun “xalqın kişisi kimi” olmasını arzulayır.
Yəni vurub-dağıdan, qaz vurub qazan dolduran, hər yerdə öz sözünü deyən biri kimi.
Bu səbəbdən qadın kişini qısnamaqla onu motivasiya etdiyini zənn edir, lakin bəzən fərqinə varmadan kişini “toksik” müqayisələrlə yükləyir.
Belə olan halda kişi ruhdan düşür, bu müqayisələr onu yorur və ən önəmlisi, həmin toksik yanaşmanı göstərən həyat yoldaşından uzaqlaşmağa başlayır.
Bu yanaşma müəyyən hallarda "Bizim Cəbiş müəllim" filmindəki səhnələri xatırladır. Təbii ki, bu kazusu bütün qadınlara aid etmirəm, bu hallar kütləvi olmasa da, epizodik şəkildə rast gəlinir.
Kişilər isə əks arqument irəli sürürlər: öz potensialları daxilində əllərindən gələni etdiklərini, illərlə zəhmət çəkdiklərini, lakin qadın tərəfin onların nailiyyətlərini görməzdən gəldiyini, onları alçaltdığını və fərsiz olmaqda ittiham etdiyini bildirirlər.
Bu isə onların qüruruna toxunmaqla yanaşı, motivasiyanı da azaldır.
Kişi deyir ki, illərdir çalışır, amma qadın onun uğurlarını qiymətləndirmir və davamlı olaraq öz dünya görüşünə uyğun nəticələr tələb edir.
Nəticədə cütlüklər toksik münasibətdən boğularaq ayrılmaq qərarına gəlirlər. Eyni kazus, əlbəttə ki, qadınlar üçün də keçərlidir — bu məsələni cinslərə bölmək çox çətindir.
Mediasiya təcrübəmdən gəldiyim nəticə budur ki, “Hər uğurlu kişinin arxasında güclü bir qadın var” deyimini müasir dövrün reallıqları və mediasiya prizması baxımından bir qədər yenidən formalaşdırmağa ehtiyac var.
Məncə, bu ifadənin daha düzgün variantı belə ola bilər:
“Hər uğurlu kişinin arxasında həmin kişinin uğurlarına inanan, onu ruhlandıran, kiçik nailiyyətlərdən böyük nəticələr yaratmasına dəstək olan, səbrli və güclü bir qadın dayanır.”
Bu interpretasiya qadınlara da eyni dərəcədə aiddir:
“Hər uğurlu qadının arxasında həmin qadının uğurlarına inanan, onu xoşbəxt edən, onu ruhlandıran, kiçik nailiyyətləri böyük nəticələrə daşımasına dəstək olan, səbrli və güclü bir kişi dayanır.”
Məsələni kazus üzərindən izah etməkdə məqsədim nə kişilərin, nə də qadınların haqlı və ya haqsız olduğunu göstərmək deyildi.
Bütün mübahisə edən tərəflər müəyyən mənada həm haqlıdır, həm də haqsız.
Məqsədim sadəcə bu məşhur deyimi müasir standartlara uyğunlaşdırmaq idi.
Necə alındığını bilmirəm, amma düşünürəm ki, reallıq məhz budur.
Nadir Adilov, Azərbaycan Mediasiya Şurasının sədri