Y və Z nəslinin uşaqları Alfa nəslindən seçilir.
Məlumat üçün bildirək ki, Alfa nəslinin uşaqları 2013-2024-ci illərdə dünyaya gələnlər hesab olunurlar. Bu dövrün uşaqları zamanın tələbinə uyğun olaraq kompüter, texnologiya və süni intellekt mühitində böyüyürlər. Lakin texnologiyanın sürətli inkişafı onların həyatına, düşüncə tərzinə və davranışlarına təsirsiz ötüşmür.
Bəzi müşahidələrə görə, Alfa nəslinə aid uşaqların davranışlarında aqressivlik halları daha çox diqqət çəkir. Onların həmyaşıdları ilə münasibətlərində və qəbul etdikləri qərarlarda bu cür meylləri rahatlıqla görmək mümkündür.
Son zamanlarda ölkəmizdə məktəblilərin iştirakı ilə baş verən xoşagəlməz hadisələr, dərs zamanı şagirdlərin bir-biri ilə mübahisə və qarşıdurmaya çıxması, müəllimə qarşı hörmətsizlik hallarının artması cəmiyyətdə narahatlıq doğurur. Bir sözlə, bəzi yeniyetmələr arasında kriminal aləmə maraq meyli müşahidə olunur.
Uşaqlar özlərini türk mafiya seriallarında gördükləri qəhrəmanlara bənzətməyə çalışır. Faktiki olaraq, cinayətkar obrazların populyarlaşması uşaqların marağını da cəlb edir. Şəxsiyyətin formalaşmasında cəmiyyətin yazılmamış qaydaları bəzən yazılı qanunlardan daha güclü təsir göstərir.
Bundan başqa, uşaqların kriminal aləmə meyl göstərməsində valideynlərin, xüsusilə də ataların təsiri böyük rol oynaya bilər. Çünki bəzi valideynlər övladlarına sinifdə lider və ya "ağa" olmağı təlqin edirlər. Bu da öz növbəsində uşaqlarda hökmranlıq etmək, sözünü keçirmək və üstünlük nümayiş etdirmək istəyi yarada bilir.
Belə tərbiyə ilə böyüyən uşaqlar sinifdə özlərini "avtoritet" kimi aparmağa çalışır və davranışları ilə bunu göstərmək istəyirlər. Nəticədə, bəzi hallarda onlar özlərini kriminal aləmin nümayəndələrinə bənzətməyə meyl edirlər...
Günel