AZ

Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd – Keçmişdən bu günə səyahət

Tbilisi, 11 fevral, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları yerlər dedikdə, ilk növbədə, paytaxt Tbilisi və Borçalı yada düşür. Borçalı dedikdə isə, Kvemo Kartli (Aşağı Kartli) bölgəsinin Dmanisi, Bolnisi, Qardabani, bu bölgədə qeyri-formal olaraq mərkəz rolunu oynayan Marneuli rayonları və Rustavi şəhəri xatırlanır.

Tbilisidə yaşayanların əkəsəriyyəti də bir vaxtlar bölgələrdən paytaxta köçənlərdir. Amma əslində soydaşlarımız təkcə Kvemo Kartlidə yaşamırlar. Onlar həm də Şidi Kartli (Orta Kartli) bölgəsindədirlər. Burada azərbaycanlıların yaşadıqları 12 kənd var. Şidi Kartlinin Mtsxeta və Kaspi rayonlarında yerlşən bu kəndlərin yerləşdiyi ərazi el arasında “Muxran çökəkliyi” də adlanır.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Şidi Kartli bölgəsində olub.

Tbilisidən Türkiyə istiqamətində gedərkən əvvəlcə Kaspi rayonunun Qarabağlar və Ferma kəndlərinin yanından keçirsən. Məlum olur ki, 1890-cı illərdə Şuşadan Gürcüstana gələn bir neçə ailə Kaspi rayonunun Muxran çökəkliyində məskən salıb. Bu bölgədəki Qarabağlar və Ferma kəndlərinin əsasını da məhz onlar qoyublar. Qarabağlar kəndinə bu ad məhz Azərbaycanın Qarabağ bölgəsinin şərəfinə verilib.

Bu kənddə diqqət çəkən maraqlı bir fakt da var. Tbilisidən Türkiyə sərhədinə gedən əsas magistraldan 150 metr məsafədə yerləşən məzarlıqda Ziyəddin Əliyev adlı bir nəfərin məzarı var. Onun arzusu ilə məzarüstü daşına “Qarabağ Azərbaycandır!” yazılıb. Belə ki, Şuşanın işğaldan azad olunduğu gün Ziyəddin Əliyevin təşəbbüsü ilə təkcə Qarabağlar və Ferma kəndlərində deyil, ətrafdakı yaşayış məskənlərində də qurbanlar kəsilib, bayram şənliyi təşkil edilib, atəşfəşanlıq olub. Ziyəddin Əliyevin ən böyük arzusu Şuşaya getmək olub. Bunun üçün bütün hazırlıqlar görülüb. Lakin vaxtsız əcəl buna imkan verməyib. O, 2021-ci ilin mayında dünyasını dəyişib.

Bir qədər irəlidə isə digər kəndlər - Muxrani (Həsənoğlu), Canqilani (Qarabağlar), Ferma, Sakadagiano (Tatuşağı), Xidisguri (Xidiquri), Cələ (Mikelçxara), Qori yaxınlığlnda Tedasminda, Kareli, Aqara, Zezman (Levitana), Ksan və Tsikudziri var.

Ksani çayınınn sağ və sol sahillərində yerləşən bu kəndlərin əhalisinin 70-95 faizini azərbaycanlılar təşkil edirlər.

Kaspi rayonunun Sakadagiano (Tatuşağı) və digər kəndlərinə baş çəkirik. Yol boyu hərəkət etdikcə Ksani çökəkliyi üzərindəki dağdakı qala və kilsə diqqəti çəkir. Müqəddəs Giorgi kilsəsi hünqür qayalıqlar üzərində tikildiyi üçün buraya yalnız ilin müəyyən fəsillərində getmək olur. Digər tarixi abidə isə kral XI Davitin qardaşı Aşotan tərəfindən tikilmiş Baqration qalasıdır.

Kəndlərdən keçərək sonuncu Tatuşağı kəndinə gəlirik. Bu ərazi 1700-cü ildə Aşotan tərəfndən İrandan gəlmiş insanlara verilib və əvvəllər Tatlar adlanıb. Kəndin ziyalısı, şair Gülmalı Həsənoğlu Haqcanlı deyir ki, bu kəndin çox maraqlı tarixi var. Kəndin adı 1700-cü ildə İrandan köçüb gəlmiş insanların şərəfinə Tatuşağı (mənası köçkünlər deməkdir) kəndi adlandırılıb. Bu kənddə 180 ev var və əhalisinin sayı 1500 nəfərdən çoxdur. Kəndin əhalisi əsasən maldarlıq və ticarətlə məşğuldur.

Ksan kəndində isə köhnə evlərin sayı çox olsa da, 13 evdə yaşayış var, sakinlər təsərrüfatla məşğul olurlar.

Bölgədəki bu kəndlərin ümumi əhalisinin sayı 20 mindən çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
12
1
azertag.az

2Mənbələr