Bakıda tanınmış macar qobelen ustası Juja Perelinin "Həqiqət çərçivəsindən kənar" sərgisi açılıb.
XQ xəbər verir ki, sərgi Azərbaycan Milli Xalça Muzeyində Macarıstanın Azərbaycandakı səfirliyi, Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyi və Qabor Kovaç İncəsənət Fondunun dəstəyi ilə keçirilib.
Sərginin açılışında giriş nitqi ilə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma qeyd edib ki, Budapeşt Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihələri böyük həvəslə həyata keçirir.
"Onların peşəkar dəstəyi və işə sadiqliyi sayəsində biz ikitərəfli əməkdaşlığı dərinləşdiririk. Azərbaycan mədəni irsinin ən qiymətli nümunələrini qoruyan bir müəssisədə macar mədəniyyətini təqdim etmək bizim üçün böyük şərəfdir", - o bildirib.
Səfir, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edib.
Muzeyin direktoru Əminə Məlikova qeyd edib ki, təqdim olunan sərgi Juja Perelinin fəlsəfəsini əks etdirir: "O, əsərləri məşhur Fransa şəhəri Obüssonda nümayiş etdirilən ilk əcnəbi qobelen ustası olub".
Ə.Məlikova vurğulayıb ki, muzeyin ekspozisiya zalında Perelinin müxtəlif illərdə əsasən qobelen texnikasında, eləcə də qarışıq texnikalarda yaratdığı 29 əsəri təqdim olunub.
Sərgi fevralın 28-dək davam edəcək.