GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İranın ABŞ qarşısında geri çəkilməməsi, hətta ritorikanı belə yumşaltmaması regionda mümkün hərbi eskalasiya ehtimalını gündəmdə saxlayır. Bu isə birbaşa enerji bazarlarına təsir göstərə biləcək ssenariləri aktuallaşdırır.
Mütəxəssislər hesab edirlər ki, İrana qarşı hərbi əməliyyatların başlanması halında neftin bazar qiymətində kəskin artım qaçılmaz olacaq. Bu isə həm ABŞ iqtisadiyyatına inflyasiya təzyiqi yarada, həm də qlobal bazarlarda yeni dalğalanmalara səbəb ola bilər.
Digər tərəfdən, enerji qiymətlərinin yüksəlməsinin Rusiyanın gəlirlərini artıracağı və Ukrayna müharibəsi fonunda sanksiyalarla üzləşən Moskvanın maliyyə imkanlarını genişləndirəcəyi iddia edilir.
Tehran niyə Vaşinqton qarşısında geri addım atmır? Neftin bahalaşması qlobal güclər arasında yeni maraq balansı formalaşdıra bilər? Enerji bazarındakı mümkün sıçrayış ən çox hansı ölkələrin xeyrinə işləyəcək?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İran-ABŞ münasibətlərinin təhlili zamanı Vaşinqtonun Tehranı vurmaqda tərəddüd etdiyini görürük:
“İran da bu tərəddüdü gördüyünə görə ABŞ-ın qarşısından geri çəkilmir və öz ritorikasını sərt şəkildə ortaya qoyur. İranın vurulması neftin qiymətinin qalxmasına səbəb ola və bundan Rusiya yararlana bilər, lakin nəticədə ABŞ və Çin iqtisadiyyatlarının zərər görməsi ehtimalı da var.
Amma bu, Rusiyanın İranın vurulmasının tərəfdarı olduğu və ABŞ-ın buna görə tərəddüd etdiyi mənasına gəlmir. Bu, siyasi proseslərdə nəzərə alınmayan ötəri bir nüansdır. İranın vurulmasının daha genişmiqyaslı və ağır nəticələri ola bilər, Birləşmiş Ştatlar da məhz ona görə tərəddüd edir.
Mütəllim Rəhimli
Ağ Ev prosesləri izlədikdə görür ki, Tehranın arxasında Çin və Rusiya dayanır. Bu ölkələr İranı asanlıqla itirmək istəmirlər, son ana qədər onu müdafiə edəcək və dövlət kimi yaşaması üçün müqavimət imkanlarını artıracaqlar. Bu isə Birləşmiş Ştatlar üçün əlavə itkilərə səbəb olar. Hərbi donanma və silah-sursat bazalarının vurulması ilə böyük tələfatlar yarana bilər.
ABŞ Prezidenti Donald Trampa indiki dönəmdə belə bir addım lazım deyil. Ölkə daxilində onun reytinqi getdikcə düşür və Konqresdə uduzaraq hakimiyyətdən uzaqlaşdırıla bilər. Tramp isə “Nobel” sülh mükafatı qazanmaq niyyətindədir və İranla başlayacaq uzunmüddətli müharibə bu planlarını alt-üst edir. İranın vurulması həmçinin regiona nəzarətin itirilməsinə gətirib çıxarar.
Qarşı tərəf kifayət qədər güclüdür və Çin-Rusiya faktorunu nəzərə aldıqda, Birləşmiş Ştatların tərəddüdləri davam edir. ABŞ İran ətrafında öz hərbi birləşmələrini cəmləşdirir və hücum planlarını bir daha nəzərdən keçirir. Nəticələr aparılan hesablamaların məhsulu olaraq ortaya çıxa bilər”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.