Qahirə, 11 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Fondunda “Ərəbdilli əlyazmalar Azərbaycan arxivlərində” adlı sərgi açılıb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə əldə edilmiş razılaşma çərçivəsində təşkil olunan sərgidə institutun fondlarında saxlanan bir neçə qədim əlyazma nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Azərbaycan səfiri Mütəllim Mirzəyev Fondun direktoru Turki Məhəmməd əl-Şuvayaara Əlyazmalar İnstitutunda saxlanılan, UNESCO-nun “Dünya yaddaşı” proqramının reyestrinə daxil edilmiş ərəbdilli əlyazmalar barədə məlumat verib.
Əl-Şuvayaar bildirib ki, yaxın vaxtlarda Kral Əbdüləziz Fondu əməkdaşlarının Azərbaycana səfəri nəzərdə tutulur. Səfər çərçivəsində nümayəndə heyəti Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olacaq, digər əlyazmalarla tanış olacaqlar. Bundan başqa, bu sahədə seminar və simpoziumların keçiriləcəyi planlaşdırılır.
Sərgi üç gün davam edəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə