AZ

Ömrünü xidmətə çevirən şəxsiyyət

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hər insanın ömür yolu onun kimliyini müəyyənləşdirir. Elə ömürlər var ki, zaman keçdikcə yalnız xatirəyə çevrilir, elə ömürlər də var ki, yaşandıqca mənaya, dəyərə və örnəyə dönür. Elşad Həsənovun həyatı məhz ikinci qəbildəndir. 12 fevral 1956-cı ildə başlayan bu yol bu gün 70 illik ləyaqətli xidmət, vətəndaş məsuliyyəti və sözə sədaqət salnaməsi kimi dəyərləndirilir.

Elşad Həsənov ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsinin veteranı, politoloq və təhlükəsizlik üzrə ekspertdir. Onun həyat və fəaliyyətində “öncə Vətən” prinsipi dəyişməz mövqe kimi dayanır. Bu prinsip təkcə yazılarında deyil, həm də tutduğu vəzifələrdə, qəbul etdiyi qərarlarda, göstərdiyi münasibətlərdə öz əksini tapıb.

Onun həyat yolu zəhmətlə başlayıb. 1972-1974-cü illərdə Qardabani rayonunda Karton-Ruberoid zavodunda fəhlə kimi çalışması gənc yaşlarından əməksevərliyin və məsuliyyətin formalaşmasına səbəb olub. Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığı ali təhsil Elşad Həsənovun dünyagörüşünü, analitik düşüncə tərzini və sözə münasibətini müəyyənləşdirib. Ardınca SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Minsk şəhərindəki Ali Kurslarında təhsil alması onun peşəkar fəaliyyətinə ciddi məktəb olub.

Əmək fəaliyyətinin ilk mərhələsində “Azərnəşr”də redaktor kimi çalışan Elşad Həsənov qısa müddətdə peşəkarlığı ilə seçilib. 1984-cü ildən etibarən isə onun həyatında yeni və məsuliyyətli bir dövr başlayıb-Azərbaycan Respublikasının DTK-MTN orqanlarında uzun illər ərzində müxtəlif bölgələrdə və mərkəzi aparatda şöbə rəisi vəzifəsinədək yüksəlib. Bu illər dövlətçiliyin, təhlükəsizliyin və milli maraqların qorunması baxımından xüsusilə məsuliyyətli dövr idi.

Elşad Həsənov Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi vətənin ən ağır günlərində xidmət borcunu yerinə yetirib. O, general rütbəsinə bir addım qalmış polkovnik rütbəsində ehtiyata buraxılsa da, hərbi xidmət illərində qazandığı nüfuz, əməli nailiyyətlər və etibar onun üçün rütbədən daha dəyərli olub. Xidmətlərinə görə “Hərbi xidmətlərə görə” medalı, “MTN orqanlarının 90 illiyi” və “DTX-nın 100 illiyi” medalları ilə təltif edilməsi bu xidmətlərin rəsmi təsdiqidir.

Dövlət qulluğundan sonra da Elşad Həsənov fəaliyyətini məsul mövqelərdə davam etdirib. 2005-2011-ci illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəis müavini, 2011-2021-ci illərdə isə “Bahar Energy Operating Company Limited” şirkətində vitse-prezident vəzifəsində çalışaraq təhlükəsizlik və idarəetmə sahəsində təcrübəsini tətbiq edib.

Bu gün Elşad Həsənov cəmiyyətdə daha çox politoloq və təhlükəsizlik üzrə ekspert kimi tanınır. Respublika mətbuatında, televiziya və radio kanallarında etdiyi çıxışlar aktual mövzulara dərin yanaşması, milli maraqlara söykənən mövqeyi və analitik dəqiqliyi ilə seçilir. Onun publisistik yazıları oxucunu düşündürür, mövqeyə çağırır. “Öncə Vətəndir” adlı məqalələr toplusunun dörd cildi bu mövqenin ideya ifadəsidir. Ümumilikdə 14 kitabın müəllifi olan Elşad Həsənov sözə məsuliyyətlə yanaşan qələm sahibidir.

Elşad Həsənovu fərqləndirən əsas cəhətlərdən biri də insani keyfiyyətləridir. Dostlarına sədaqəti, verdiyi sözə əməl etməsi, çətin məqamda insanlara arxa durması onu tanıyanların xüsusi hörmətini qazandırıb. Onun üçün vəzifə müvəqqətidir, insanlıq isə daimi dəyərdir. Elə buna görə də müxtəlif mühitlərdə-sadə insanlar arasında da, ziyalı çevrələrində də eyni ehtiramla qarşılanır.

Ömrünün bu mənalı yolunun arxasında möhkəm ailə dayağı dayanır. Elşad Həsənov həyat yoldaşı Sevil Qiyas qızı Həsənova ilə qarşılıqlı sevgi və hörmət üzərində ailə qurub. Sevil Həsənova tanınmış alim, filologiya elmləri doktoru, publisistdir və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Müstəqillik dövrünün ilk qadın professorudur. Bu fakt təkcə bir ailənin yox, bütövlükdə Azərbaycan elminin və jurnalistikasının uğur göstəricisidir. Onların ailəsi ziyalılığın, elmə və sözə sədaqətin, mənəvi dəyərlərin vəhdətini təcəssüm etdirir.

70 illik ömür yoluna nəzər salanda aydın görünür ki, Elşad Həsənov üçün həyat yalnız yaşanan illərin sayı deyil, həmin illərin məzmunudur. O, sözün həqiqi mənasında yaşadığı ömrü xidmətə çevirən, ləyaqəti və vicdanı ilə yadda qalan şəxsiyyətdir.

Bu əlamətdar yubiley münasibətilə Elşad Həsənova möhkəm cansağlığı, uzun ömür və Vətənə, cəmiyyətə xidmət yolunda yeni uğurlar arzulayırıq.

Qərənfil Dünyaminqızı,

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist

Banuçiçək Kalbalıyeva,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
sherg.az

1Mənbələr