AZ

Elmar Hüseyn: Erməni cinayətkarların cəzalandırılması geri qayıtmayan itkilərimizin mənəvi haqqını bərpa edib

Bakı, 11 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Xocalı, Malıbəyli, Quşçular, Bağanis-Ayrım, Ballıqaya qətliamlarında əli olmuş və erməni diasporunun maliyyə yardımı ilə həyata keçirilən qətlləri icra etmiş şəxslərin Azərbaycanda məhkəmə qarşısına çıxarılması ölkəmizin suverenliyinin və günahkarların cəzalandırılmasının bariz fəlsəfəsini əks etdirir. Bu, dünya praktikasında qətliamda əli olan şəxslərin cəzalandırılmasının növbəti nümunəsi kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.

Onun sözlərinə görə, Azərbaycan məhkəməsində erməni cinayətkarların cəzalandırılması geri qayıtmayan itkilərimizin mənəvi haqqını bərpa edib: "Dörd minə yaxın itkin var. Onların ailələrinin gözləri yollardadır. Ən azından cinayətkarların cəzalandırılması onların acısını bir az xəfiflətdi. Bu, dünya təcrübəsində bir nümunədir ki, əgər hərbi cinayət varsa, həmin cinayət cəzasız qalmır.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqrımına hüquqi qiymətin verilməsi və digər hadisələrlə bağlı Ümummilli Liderin apardığı işləri görmüşdük. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə bunun davamını gətirdi. Dövlətimizin başçısı uzun illər işğal altında qalan torpaqlarımızın geri qaytarılması, məcburi köçkünlərin yurd-yuvalarına mərhələli şəkildə geri dönməsi ilə kifayətlənmədi. Prezident İlham Əliyev öz siyasəti ilə bir növ Ermənistana böyük dərs verdi. Yəni Azərbaycanın ərazi bütövlüyünü döyüş meydanında bərpa etməsi münaqişə dövründə hərbi cinayətlərdə əli olan şəxslərin azad gəzməsi ilə bitə bilməzdi. Mütləq ədalət hərtərəfli bərpa edilməli idi. Düşünürəm ki, Xocalı soyqırımında əli olan Robert Köçəryan, Serj Sarkisyan da Azərbaycana gətiriləcəklər və onlar layiqli cəzalarını alacaqlar”.

Elmar Hüseyn bildirib ki, aparılan məhkəmə prosesi Azərbaycanın ədaləti özünün bərpa etməsi ilə bağlı ən yaxşı nümunələrdəndir.

Seçilən
12
azertag.az

1Mənbələr