ABŞ-nin Ursinus Kollecinin alimləri araxisin və digər qoz-fındıqların müntəzəm istehlakının yuxu keyfiyyətini yaxşılaşdıra və səhər yuxudan oyanarkən hiss olunan rahatlığı artıra biləcəyini müəyyən ediblər.
Redaktor.az xəbər evrir ki, nəticələr "Nutrients" jurnalında dərc olunub.
Təcrübədə tələbələr iştirak edib və bir neçə həftə ərzində gündəlik qidalanma qeydiyyatı apararaq yuxu keyfiyyətini qiymətləndiriblər. Analiz göstərib ki, qidalanmada qoz-fındıq olduqda, ümumi pəhriz daha balanslı olub, iştirakçılar daha çox bitki mənşəli protein, lif və mikroelement alıblar. Səhər yuxudan oyanarkən onların özünü daha yaxşı hiss etməsi müşahidə olunub, yuxu isə daha dərin və bərpaedici qəbul edilib.
Alimlər həmçinin yetkinlər arasında aparılmış klinik tədqiqatları da təhlil ediblər. Xüsusilə qozun istifadəsi tez yuxuya getmə və melatonin səviyyəsinin artması ilə əlaqələndirilib. Melatonin isə bədənin daxili bioloji saatını tənzimləyir və orqanizmin yuxu rejiminə keçməsinə kömək edir.
Tədqiqatçılar qeyd edirlər ki, effekt qoz-fındığın növündən, miqdarından və istifadənin vaxtından asılıdır. Alimlər vurğulayır ki, qoz-fındıq birbaşa yuxusuzluq üçün vasitə deyil, amma sağlam pəhrizin bir hissəsi kimi yuxu keyfiyyətinə töhfə verə bilər.
Nuriyyə NATİQQIZI