AZ

ABŞ-da “Azərbaycan variasiyaları” əsərinin premyerası olub

ABŞ-nin Boston şəhərində Azərbaycan xalq mahnısı əsasında bəstələnən “Azərbaycan variasiyaları” adlı əsərin premyerası keçirilib.

XQ xəbər verir ki, premyera dünyanın nüfuzlu ali musiqi təhsil ocaqlarından biri olan “Nyu İnglənd” (“New England”) Konservatoriyasının “Uilyams Hol” (“Williams Hall”) səhnəsində baş tutub.

Əsərin müəllifi amerikalı bəstəkar, professor Dr. Ben-Yi Paulsondur. “Girdim yarın baxçasına” Azərbaycan xalq mahnısı əsasında müasir kamera tərkibi üçün bəstələnən bu kompozisiyada xalq melodiyasının lirik ruhu qorunmaqla yanaşı, geniş emosional palitra və dinamik musiqi inkişafı ön plana çıxarılıb.

Kompozisiya bəstəkarın dəvəti ilə peşəkar pianoçu, Boston Universitetinin doktorantı, Prezident təqaüdçüsü Leyla Zeynalovanın iştirakı ilə əcnəbi musiqiçilər tərəfindən ifa edilib. Leyla Zeynalovanın piano partiyasındakı interpretasiyası əsərin həm musiqi strukturunun, həm də emosional məzmununun dinləyicilərə daha dolğun çatdırılmasında mühüm rol oynayıb və tamaşaçıların  böyük rəğbəti ilə qarşılanıb.

Qeyd edək ki, “Azərbaycan variasiyaları” 2024-cü ildə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin finalçısı seçilib. Əsər Azərbaycan xalq musiqisinin beynəlxalq akademik mühitdə təqdimatı baxımından diqqətəlayiq nümunə kimi qiymətləndirilib.

Seçilən
2
1
xalqqazeti.az

2Mənbələr