"Nyukasl" Azərbaycana səfər edəcək azarkeşlərinə xəbərdarlıq edib.
Offsideplus.az xəbər verir ki, "Nyukasl"ın Bakıya planlaşdırılan səfəri ərəfəsində klub səfərə çıxan azarkeşlər üçün genişmiqyaslı səyahət təlimatı yayımlayıb.
Təlimatda yerli valyutadan tutmuş, Ramazan ayı ərzində riayət olunmalı mədəni davranış qaydalarına qədər hər şey əks olunub.
Valyuta və nəqliyyatla bağlı bunlar yazılıb:
Yerli valyuta Manatdır (AZN). Bakıda Visa və Mastercard bankomatları geniş yayılıb, həmçinin şəhər boyu kart və təmassız ödənişlərdən istifadə olunur. Hava limanından şəhər mərkəzinə (təxminən 20-30 dəqiqəlik yol) getmək üçün azarkeşlərə etibarlı tətbiqlərdən — Bolt və ya yerli Uber AZ proqramından istifadə etmək tövsiyə olunur. Qeyd edilib ki, standart "Uber" tətbiqi gəliş zamanı işləməyə bilər.
İctimai nəqliyyatdan istifadə etmək istəyənlər üçün:
Avtobus: Hava limanından şəhər mərkəzinə birbaşa xidmət göstərir və təxminən 30-40 dəqiqə vaxt aparır.
Metro: Saat 06:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Metrodan istifadə üçün BakıKart əldə etmək və ona balans yükləmək mütləqdir; hətta bir gediş üçün belə bu kart tələb olunur.
İngiltərə klubu eyni zamanda qarşıdan gələndə Ramazan ayı və Şəhidlər Xiyabanı ilə bağlı da xəbərdarlıq edib:
"Ramazan ayının fevralın 17-si axşam başlayacağı (orucun fevralın 18-dən etibarən tutulacağı) gözlənilir. Bu səbəbdən azarkeşlərdən yerli mədəniyyətə və oruc tutan sakinlərə hörmətlə yanaşmaları xahiş olunur.
Bundan əlavə, klub tarixi abidələrin ətrafında davranış qaydalarına diqqət yetirməyin vacibliyini vurğulayıb. Şəhidlər Xiyabanının xüsusilə həssas yer olduğu qeyd edilib; bu və buna bənzər ərazilərdə hörmətsizlik və ya asayişi pozan hərəkətlər polis müdaxiləsi ilə nəticələnə bilər".