ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ro Khanna Cefri Epşteyn işi üzrə sənədlərin senzurasız versiyalarını araşdırdıqdan sonra mühüm açıqlamalar verib. O bildirib ki, ictimaiyyətə təqdim olunan sənədlərin 70-80 faizi hələ də gizlədilmiş vəziyyətdədir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat dərc edib.
Khanna qeyd edib ki, o və digər konqres üzvü Thomas Massie ABŞ Ədliyyə Nazirliyində təxminən iki saat sənədlərlə tanış olublar. Onun sözlərinə görə, baxış zamanı sənədlərin böyük hissəsinin hələ də qapadıldığı məlum olub.
Ro Khanna sənədlərdə adı keçən, lakin “heç bir səbəb göstərilmədən” gizlədildiyini iddia etdiyi 6 nəfərin adını açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər bunlardır:
• Les Wexner
• Sultan Ahmed bin Sulayem
• Salvatore Nuara
• Zurab Mikeladze
• Leonic Leonov
• Nicola Caputo
Khanna vurğulayıb ki, cəmi iki saatlıq araşdırma zamanı bu adları müəyyən edə biliblər. O əlavə edib ki, 3 milyona yaxın sənəd senzurasız şəkildə araşdırılsa, daha çox ad üzə çıxa bilər.
Yetkinlik yaşına çatmamış onlarla qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan milyarder Jeffrey Epstein 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropolitan Həbsxanasında saxlanıldığı kamerada ölü tapılmışdı.
Açıqlanan məhkəmə sənədlərində Britaniya şahzadəsi Endryu, ABŞ Prezidenti Donald Tramp, sabiq prezident Bill Klinton, keçmiş İsrail baş naziri Ehud Barak, sabiq vitse-prezident Al Gor, aktyor Kevin Spacey, müğənni Maykl Cekson, illüzionist David Copperfield, hüquqşünas Alan Dershowitz və keçmiş Nyu-Meksiko qubernatoru Bill Richardson kimi tanınmış şəxslərin adları da yer alıb.
FBI və ABŞ Ədliyyə Nazirliyinin birgə araşdırmasının nəticəsinə görə isə məşhur şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmayıb.