AZ

Azərbaycanın enerji infrastrukturunun inkişafında Azərbaycan-ABŞ siyasi koordinasiyası mühüm rol oynayacaq -RƏY

Bakı, 11 fevral, Günel Türksoy, AZƏRTAC

ABŞ Vitse-prezidentinin Azərbaycana səfəri özlüyündə ikitərəfli münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Düzdür, təmasların artmasında ötən ilin avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannamənin danılmaz rolu var. Ancaq digər tərəfdən bunu da qeyd etməliyik ki, geniş coğrafi məkanda ABŞ və Azərbaycan arasında daha sıx əməkdaşlığı hər iki tərəf üçün faydalı edən bir çox istiqamət mövcuddur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın xarici siyasətində və iqtisadi strukturunda vacib rol oynayan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində ABŞ-ın siyasi dəstəyi əhəmiyyətli dərəcədədir. Bu baxımdan Azərbaycanın və ümumilikdə Xəzər hövzəsində yeni meqa enerji infrastrukturunun inkişafında Azərbaycan-ABŞ siyasi koordinasiyası mütləqdir.

Bunu AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin tədqiqatçısı Şücaət Əhmədzadə deyib.

Tədqiqatçı, həmçinin Orta Dəhlizin əhəmiyyətinin vacibliyindən də danışıb və bildirib ki, bu dəhliz boyunca mövcud olan infrastruktur problemlərinin həlli və dəhlizi iqtisadi cəhətdən daha səmərəli etmək üçün ABŞ şirkətlərinin investisiyası kifayət qədər əhəmiyyətlidir: “Azərbaycan üçün daha yeni sektorlar sayıla biləcək, süni intellekt və nüvə enerjisi sahəsində əməkdaşlıq da kifayət qədər vacibdir. Çünki Azərbaycanda istehsal dəyərinin nisbətən aşağı olması bu istiqamətdə infrastrukturun qurulması xərclərini aşağı salır və investisiya üçün müsbət zəmin yaradır. Digər tərəfdən ABŞ-dan gələcək texnoloji transfer imkan verir ki, Azərbaycanda lokal insan resursları bazası formalaşsın və tədricən bu mövzular üzrə lokal istehsal bacarığı yaransın. Ümumilikdə iki ölkə arasında əməkdaşlığın perspektivləri genişdir, indiki məqamda vacib olan isə daha çox iki məsələdir. Birincisi, ABŞ-Azərbaycan münasibətlərini daha institusional hala salmaq və onu uzunmüddətli, proqnozlaşdırılabilən etmək, ikincisi isə Azərbaycan-Ermənistan sülh prosesi üzrə işləri davam etdirmək və bununla da Cənubi Qafqazda tamamilə yeni bir təhlükəsizlik arxitekturası yaratmaqdır”, - deyə Ş.Əhmədzadə vurğulayıb.

Seçilən
13
3
azertag.az

4Mənbələr