AZ

ABŞ nin Türkiyə və İsraillə strateji tərəfdaşlığı fonunda Azərbaycanın bu yanaşması Vaşinqton üçün işlək modeldir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin vitse prezidenti Ceyms Devid Vens çıxışında Prezident Əliyevin liderliyini yüksək qiymətləndirərək, onun regionda diplomatik nüfuzunu və strateji balans bacarığını ön plana çıxarır. Vensin fikrincə, Prezident Trampa bənzər diplomatik üslub Azərbaycan üçün ABŞ ilə münasibətləri daha etibarlı və səmərəli edir. Türklər və israillilərlə səmimi əlaqələr Azərbaycanın regionda etibarlı tərəfdaş imicini gücləndirir və strateji müttəfiqlərlə münasibətləri dərinləşdirir. Bu münasibətlər ölkəmizin beynəlxalq layihələrdə iştirakını və xarici investisiyaları cəlb etmək imkanlarını artırır. Vensin açıqlaması Azərbaycan diplomatiyasının balanslı və çoxvektorlu xarici siyasətinin effektivliyini bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Razi Nurullayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vensin səsləndirdiyi fikirlər ABŞ–Azərbaycan münasibətlərinin regional kontekstdə dəyərləndirilməsi baxımından maraqlıdır: “Azərbaycan Türkiyə və İsraillə münasibətlərini uzun illərdir praqmatik və dövlət maraqlarına söykənən xətt üzrə qurub. Bu xətt ölkəmizin təhlükəsizlik, enerji və regional əməkdaşlıq imkanlarını genişləndirib. ABŞ-nin həm Türkiyə, həm də İsraillə strateji tərəfdaşlığı fonunda Azərbaycanın bu yanaşması Vaşinqton üçün də anlaşılan və işlək modeldir. Bu, ABŞ–Azərbaycan əməkdaşlığına əlavə praktik üstünlüklər verə bilər”.

Razi Nurullayev

Deputat qeyd edib ki, liderlik və siyasət üslublarındakı müəyyən oxşarlıqlar da münasibətlər üçün müsbət amildir: “Milli maraqları önə çəkən, praqmatik qərarlar verən və regional reallıqları nəzərə alan liderlik yanaşmaları ölkələr arasında anlaşmanı asanlaşdırır. Bu, şəxsi simpatiya ilə yanaşı, siyasətdə oxşar yanaşmaları birgə tapmaq bacarığından irəli gəlir. Bu baxımdan oxşarlıq, dialoqun qurulmasına və əməkdaşlığın daha da dərinləşməsinə kömək edə bilər”.

Razi Nurullayev hesab edir ki, ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti regionda balansın qorunmasına real töhfə verməlidir: “Azərbaycan regionda sabitliyin tərəfdarıdır və tərəfdaşlardan da eyni yanaşmanı gözləyir. Vaşinqton regionda maraqlarını yalnız geosiyasi üstünlük prizmasından deyil, beynəlxalq hüquq və ədalətli mövqe üzərindən qurarsa, bu, əməkdaşlığın daha sağlam əsaslar üzərində inkişafına şərait yaradar”.

Deputatın fikrincə, bununla belə, uzunmüddətli etimad liderlərin oxşarlığı ilə yox, institusional mexanizmlərin işləməsi, razılaşmaların icrası və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə möhkəmlənir: “Oxşar siyasi yanaşmalar münasibətlər üçün yaxşı başlanğıc yarada bilər, amma nəticəni təmin edən əsas amil konkret addımlar və real əməkdaşlıqdır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr