AZ

Şərqşünaslıq İnstitutunda “Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji Qurultayın rolu” mövzusunda Respublika elmi konfransı keçirilir

Fevralın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji Qurultayın rolu” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb. 

Konfransın AMEA-nın əsas binasının kiçik akt zalında keçirilən açılşında giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, türk xalqlarının tarixində mühüm hadisə olmuş Birinci Türkoloji Qurultay ilk dəfə türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının elmi müzakirəsini apararaq türkoloji elmləri sistemli şəkildə beynəlxalq arenaya təqdim edib. Qurultayda dilçilik, latın qrafikalı əlifba, orfoqrafiya, ədəbiyyat, tarix, folklor, incəsənət, etnoqrafiya, terminologiya və metodika kimi o dövrün ən aktual elmi-mədəni məəsələlərinin əhatə olunduğunu deyən akademik, səsləndirilmiş 38 məruzədə türkologiyanın fundamental problemlərinin müzakirə olunaraq konkret qərarların qəbul olunduğunu qeyd edib.

Hazırda türk dövlətləri ilə sıx inteqrasiyanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu deyən akademik  G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli Sərəncam imzaladığını, bu Sərəncama əsasən ölkəmizdə yüksək səviyyəli tədbirlərin keçirildiyini və bu əlamətdar tarixin müasir elmi-nəzəri yanaşmalar, ortaq dəyərlər kontekstində AMEA-da da  qeyd olunduğunu bildirib.

Konfransın açılış tədbirində çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Birinci Türkoloji Qurultayın əsas siyasi məqamlarına toxunaraq, burada əsas məqsədin SSRİ-nin türk xalqlarının latın əlifbasına keçid olduğunu bildirib. N.Məmmədli çıxışında Qurultayın məhz Bakıda keçirilməsinin səbəblərinə və digər mühüm məqamlara da toxunub.

Daha sonra məruzələrə başlanılıb. Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Birinci Türkoloji Qurultayın “görünməyən” tərəfləri” mövzusunda məruzəsində Qurultayın keçirilməsini şərtləndirən mühüm obyektiv tarixi-mədəni səbəblər arasında Sovet hökumətinin bilavasitə dövlət maraqlarından irəli gələn konkret siyasi məqsədlərdən bəhs edib. Professor S.Rüstəmova-Tohidi bu sırada Qurultayın əsasən əlifba islahatı ilə bağlı çağırılmasını və onun latın qrafikasına keçidin qarşısında duran maneələri aradan qaldırmaq üçün yeni bir strateji məqsəd kimi irəli sürüldüyünü xüsusi qeyd edib. Arxivlərdə “tamammilə məxfi” qrifi ilə saxlanılan bir sıra sənədlərdən Qurultayın hazırlıq prosesindən başlayaraq son gününə qədər Sovet partiya orqanlarının ciddi nəzarəti altında işləməsinin aydın olduğunu deyən məruzəçi, onun gedişinin ciddi sürətdə tənzimləndiyini, nəticələrinin və qəbul ediləcək qərarların müzakirələrdən asılı olmayaraq əvvəlcədən müəyyənləşdirildiyini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “Türk dünyasının iqtisadi inteqrasiyasında Azərbaycan Respublikasının rolu” mövzusunda məruzəsində Birinci Türkoloji Qurultayın keçirildiyi vaxtda və müasir dövrdə türk dünyasının və Azərbaycanın keçdiyi tarixi yola nəzər yetirib, türk dünyasının inteqrasiyası və regional güc mərkəzi kimi ortaya çıxması istiqamətində atılmış addımlardan, Azərbaycan Respublikası ilə türk dünyası arasında çoxşaxəli iqtisadi əlaqələrdən və onların türk dövlətləri arasında daha geniş regional əməkdaşlığa verdiyi töhfələrdən, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin regional ticarəti artırmaqla yanaşı, həm də türk dünyasının əlaqələrini gücləndirmək, Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirmək istiqamətindəki təsirlərdən danışıb.

Şərqşünaslıq İnstitutunun Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı “Birinci Türkoloji Qurultayın Türk dövlətlərinin birliyindəki rolu”, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent  Əli Fərhadov “V.V.Bartoldun Birinci Türkoloji Qurultaydakı məruzəsində türk islam mədəniyyətinə baxış” mövzusunda məruzə ediblər. Konfrans öz işini “Birinci Türkoloji Qurultay: elmi irsi və müasir türkologiyanın inkişafına təsiri” və “Türk xalqları tarixinin, dil və ədəbiyyatşünaslığının aktual məsələləri” bölmələrində davam etdirib. Konfransa sabah yekun vurulacaq.

XQ

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr