ain.az, Demokrat.az saytına istinadən bildirir.
Şabran rayonunda 1992-ci il təvəllüdlü Sənan həmyerlisi Umudşaha xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şabran rayonunun Dağbilici kəndində baş verib. Sənan kənddə yerləşən əkin sahəsində Umudşah ilə aralarında sonuncunun onun sahəsinə mal qarasını salmasına görə yaranmış mübahisə zamanı dalaşıb. Bu zaman Sənan Umudşahın baş nahiyəsindən əvvəl yumruqla, sonra isə ağac parçası ilə vurub.Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə günü günorta saat 14:00-da valideynləri ilə birlikdə özlərinə məxsus Şabran rayonunun Xəlfələr kəndinin ərazisində yerləşən əkin sahəsinə, kartof əkdikləri yerə baxmaq üçün gediblər:"Həmin yerdən bir qədər məsafədə 0,80 hektar torpaq ərazilərində taxıl əkdikləri yer yerləşir. Buna görə də mən, anam və atam ilə birlikdə əkdiyimiz kartof ərazisinə baxarkən həmin yerdən bir qədər məsafədə olan taxıl əkdiyimiz yerə tərəf uzaqdan baxdım. Uzaqdan tanımadığım şəxslərə aid mal-qaranın bizə məxsus əkin ərazilərində gördüm. Buna görə də həmin yerə getdim və mal-qaranı həmin yerdən uzaqlaşdırdım. Bu vaxt bir nəfər şəxsin sərxoş halda olduğum yerə nalayiq ifadələr səsləndirərək gəldiyini gördüm. Həmin şəxsdən niyə söyüş söydüyünü soruşdum. Həmin şəxs mal-qarasını niyə həmin yerdən qovduğumu deyərək üstümə hücum çəkdim. Mən də ona cavab olaraq mal-qarasının əkin sahəmizə girdiyini və buna görə də mal-qaranı həmin ərazidən qovduğumu dedim. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı adını sonradan öyrəndiyim Umudşah mənə yaxınlaşaraq yaxamdan dartdı, əynimdə olan köynəyimi cırdı. Mən ona xəbərdarlıq etdim, məni buraxmasını tələb etdim. Bu vaxt Umudşah mənə yumruq zərbəsi atdı. Sifətimin sol tərəfindən, sol gözümün altından yumruqla vurdu, məni boğmağa başladı. Buna görə də aramızda əlbəyaxa dava yarandı. Bu vaxt Umudşahın tanışı da bizə yaxınlaşdı, aramıza girdi. Həmin şəxs Umudşahı kömək edən kimi məni arxaya itələməyə çalışdı. Bu vaxt valideynlərim bizə yaxınlaşdı və bizi aralamağa çalışdı”. Zərərçəkmiş Umudşahın sözlərinə görə, həmkəndlisi Naiblə özlərinə məxsus mal-qaranı kənddə yerləşən örüş yerinə aparıblar: “Mal-qaranı örüş yerinə çatdırdıqdan sonra Naiblə həmin yerdə süfrə açaraq çörək yeməyə başladıq. Özlərimiz ilə gətirdiyimiz bir şüşə 500 qramlıq spirtli içkidən bir qədərini içdik. Sonra ayağa qalxaraq mal-qaranı bir yerə cəmləməyə getdim. Bu vaxt uzaqdan sonradan adı mənə Sənan kimi məlum olan şəxsin nalayiq ifadələr səsləndirərək bizə tərəf gəldiyini gördüm. Sənandan niyə görə belə dediyini soruşdum. Sənan cavab olaraq guya mənim mal-qaramın Sənanın taxıl sahəsinə girdiyini dedi. Bu vaxt Sənana yalan danışmamasını dedim. Həmin anda qəfildən Sənan sinə nahiyəmdən yumruqla vuraraq məni yerə yıxdı. Mən ayağa qalxaraq özümü birtəhər müdafiə etmək istəyərkən Sənan əlinə aldığı ağac parçası ilə baş nahiyəmdən və sonra bədənimin müxtəlif yerlərindən zərbələrlə vurdu. Məni yenə də yerə yıxdı. Bu vaxt sol çiyin və sol kürək nahiyəmdən zərbələr aldım. Hadisə vaxtı həmkəndlim Naib olduğumuz yerə gələrək münaqişəyə müdaxilə etdi və məni həmin yerdən uzaqlaşdırdı. Bir qədər sonra əvvəl yaşadığım evə getdim. Lakin ağrı hissimə görə taksi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına getdim. Orada mənə ilkin tibbi yardım göstərildikdən sonra birtəhər özümə gəldim”.Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən Sənanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.