AZ

Sumqayıtda qol vurulmadı - REPORTAJ

1/4 final, ilk oyun
Sumqayıt – Zirə 0:0

Sumqayıt: 1. Mehdi Cənnətov, 80. Keffel Resende, 33. Daniel Beskorovaynı, 3. Höccət Haqverdi, 25. Abdul Raşid Mumini (72. Rayan Senhadji, 77), 8. Səbuhi Abdullazadə (k), 23. Ronaldo Vaskes, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 77), 19. Roy Kehat (71. Masaki Murata, 68), 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 68), 9. Aleksandr Ramalinqom (37. Nihad Orucəli, 87).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Zirə: 13. Aydın Bayramov, 25. Enrike Kustodio, 4. Ruan Renato, 5. Ange Mutsinzi, 32. Qismət Alıyev (k), 17. Ayron Qomis, 11. Junior Martins (77. Yeqor Boqomolski, 74), 8. İsmayıl İbrahimli (28. Leroy Mikels, 60), 29. Ceyhun Nuriyev (30. Rikardo Martins, 60), 7. Rövlan Muradov (6. Eldar Quliyev, 83), 9. Davit Volkov (19. Rüfət Abdullazadə, 60).
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 26. Stefan Aka.
Baş məşqçi: Rəşad Sadıqov.

Vərəqələr: R.Vaskes, 57 (qeyri-idman hərəkəti). N.Ninkoviç, 79 (qeyri-idman hərəkəti). R.Martins, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
4 fevral. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 400 tamaşaçı (9502 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

Hər iki komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə apardığını nəzərə alsaq, həm “Sumqayıt”ın, həm də “Zirə”nin qələbə yolunda dəridən-qabıqdan çıxacağını proqnozlaşdırmaq olardı. Lakin bu yöndə gözləntilərin qarşılanmadını əminliklə deyə bilərik. Nə “doğma divarlar” arasında döyüşən “kimyaçılar” özünü yaxşı tərəfdən göstərdi, nə də premyer-liqada itirdiyi xallar üzündən ilk “dördlük”dən kənarda qalan “qartallar”. Əlbəttə, meydanda başverənləri həm bu duelin ilk pərdəsi olmasıyla, həm də şaxtalı hava ilə əlaqələndirmək mümkündü. Hər halda, baş məşqçilər məhz bu məqamlardan bəhs etdi. Ancaq ilk növbədə güzgüyə baxmaq, niyə əhəmiyyətli üstünlük əldə etmək üçün yetərli olan 90 dəqiqənin boşa verilməməsinin, futbolçuların baxımlı oyun sərgiləməməsinin səbəbləri məhz orda axtarmaq lazımdı.

Meydan sahibləri 16-cı dəqiqədə hesabı açmağa yaxın oldu. Sadəcə, Beskorovaynının başla zərbəsi dirəkdən qayıtdı. Dərhal əks-hücuma keçən qonaqlar da topu tora qovuşdura bilmədi. Ona görə ki, Qismətin ötürməsindən sonra bəxtini sınayan İsmayıl Mehdiylə bacarmadı. Növbəti hücumu da “Zirə” qurdu. Bu dəfə Ceyhunun ötürməsini qəbul edən Martinsin cərimə meydançasının həndəvərindən fərqlənmək niyyəti Mehdinin inadına tuş gəldi. Komandaların, xüsusən, “Sumqayıt”ın ehtiyatlı oyuna üstünlük verməsi, sanki hücum etməkdən çəkinməsi 1-ci hissənin böyük bölümünün cansıxıcı keçməsinə səbəb olsa da, “qartallar” hissənin sonunda irəli çıxa bilərdi. 43-cü dəqiqədə Qomisin zərbəsindən sonra Senhadji topun Qomisə çatmasına imkan vermədi. Belədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı.

İkinci yarıya “Sumqayıt” fəal başladı. 48-ci dəqiqədə daha bir hücumu gerçəkləşdirən “kimyaçılar” Yankoviçin ötürməsini qarşılayan Rüstəm sayəsində tablodakı rəqəmləri dəyişə bilərdi ki, Qismətin müdaxiləsi “qartallar”ı xilas etdi. Bir qədər sonra bəxtini sınayan Ninkoviç də komandasını hesabda önə çıxarmaq fürsətini əldən verdi. O başqa məsələ ki, Masakinin qapı önünə göndərdiyi topu uzaqlaşdırmaq istəyən Renatonun qeyri-dəqiqliyi üzündən yararanan şansı qaçırmaq günah idi. “Zirə”nin fərqlənmək imkanını isə Boqomolski puç etdi. Mehdinin təzyiqinə tab gətirməyən belaruslu həlledici zərbə üçün yubandı. Belədə hadisələrin axarına nəzarət yenidən meydan sahiblərinin əlinə keçdi. Amma sona qədər hesab açılmadı, ilk matçda qalib müəyyənləşmədi.

Gözdən qaçmadı
// Heç şübhəsiz, hava şəraiti tribunadakı azarkeşlərin sayına təsirsiz ötüşmədi. Ancaq “Zirə”ni dəstəkləyən 4 azarkeşin əvvəldən sonadək fəallığıyla seçildiyini qeyd etməmək insafsızlıq olar. “Sumqayıt”ın “Kimyaçılar” fanklubu da tribunalarda idi.

KƏNAN BAHADIR

Seçilən
37
1
football-plus.az

2Mənbələr