Avrasiyanın yeni geosiyasi mərkəzi formalaşır
“ABŞ-ın vitse-prezidenti C.D. Vensin Bakıya səfəri və səfərin nəticəsi olaraq imzalanan ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası regionda yeni geosiyasi mərhələnin başlandığını göstərir. Bu proses təkcə ikitərəfli münasibətlərin genişlənməsi deyil, bütövlükdə Avrasiyada güc balansının yenidən formalaşmasının göstəricisidir. Bu kontekstdə ABŞ rəsmisi Vensin Bakıya səfəri xüsusi siyasi və strateji məna kəsb edir”.
Bunu Ölkə.az-a açaıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, son illərdə Azərbaycan postmüharibə dövründə regionun gündəliyini müəyyən edən əsas aktora çevrilib: “Qələbədən sonra Prezident İlham Əliyevin formalaşdırdığı sülh və əməkdaşlıq gündəliyi artıq beynəlxalq güclər tərəfindən qəbul edilir.
Bakı–Vaşinqton xəttinin qurulması bir neçə əsas nəticə doğurur. Birincisi, Azərbaycan ABŞ üçün Cənubi Qafqazda əsas tərəfdaş statusu qazanır, ikincisi, regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq Bakı üzərindən formalaşır, üçüncüsü, Avrasiya tranzit xəritəsində strateji mərkəz dəyişir.
Bu mərhələ Azərbaycanı regional aktordan qlobal logistika və təhlükəsizlik platformasının əsas sütununa çevirir”.
Deputat hesab edir ki, vitse-prezident Vensin Bakıya səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın praktiki mərhələsidir: “ABŞ rəsmisi Vensin Bakıya səfəri strateji tərəfdaşlığın real layihələr mərhələsinə keçdiyini göstərir. Bu səfər üç əsas istiqamətdə qiymətləndirilir:
1. Orta Dəhliz və TRIPP marşrutu – Avrasiyanın yeni arteriyası
ABŞ üçün Çin və Rusiya marşrutlarına alternativ logistika xətlərinin formalaşdırılması prioritet məsələlərdəndir. Bu baxımdan Orta Dəhliz ABŞ üçün strateji alternativ ticarət marşrutu rolunu oynayır. TRIPP layihəsi regionun sülh və iqtisadi inteqrasiya platforması kimi təqdim olunur. Zəngəzur dəhlizi Avropa–Asiya bağlantısının kilid elementi sayılır.
Vensin səfəri Vaşinqtonun bu layihələrə siyasi dəstəyinin praktik mərhələyə keçdiyini göstərir.
Səfərin əsas gündəliklərindən biri enerji təhlükəsizliyi və kritik mineralların tranzitidir.
Bu istiqamətdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edilir. elektrik enerjisi, yaşıl enerji və mülki nüvə əməkdaşlığı gündəliyin yeni xəttini formalaşdırır, kritik mineralların tranziti Azərbaycanın qlobal təchizat zəncirində rolunu artırır.
Bu, Bakının yalnız enerji ixracatçısı deyil, həm də strateji resursların tranzit mərkəzi olduğunu göstərir”.
Deputat əlavə edib ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü diplomatiyanın məntiqi nəticəsi və zirvəsidir. “Bu geosiyasi dəyişikliklərin mərkəzində Prezident İlham Əliyevin strateji xətti dayanır. Onun siyasətinin əsas xüsusiyyətləri hərbi qələbənin diplomatik üstünlüyə çevrilməsi, regional əməkdaşlıq gündəliyinin formalaşdırılması, qlobal güclərlə balanslı tərəfdaşlıq siyasətidir.
Bu yanaşma nəticəsində Azərbaycan regionun təşəbbüs yaradan ölkəsinə çevrilib, beynəlxalq layihələrin mərkəzinə yüksəlib,Avrasiyada yeni geosiyasi düyün rolunu qazanıb”, - o vurğulayıb.
Bakı-Vaşiqnton münasibətlərinin perspektivlərinə toxunan deputat bildirib ki, bütün bu proseslər Bakı–Vaşinqton strateji tərəfdaşlığı uzunmüddətli geosiyasi nəticələrlə sonuclanacaq:
“Zəngəzur dəhlizi və Orta Dəhliz regionu sülh və əməkdaşlıq məkanına, Azərbaycan Avrasiyanın əsas tranzit və enerji mərkəzinə çevrilməklə Cənubi Qafqazda yeni təhlükəsizlik və iqtisadi arxitektura formalaşacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin yürüdüyü uzaqgörən və qətiyyətli siyasət Azərbaycanın qələbədən sonra formalaşdırdığı diplomatiyanı zirvəyə yüksəldərək ölkəni qlobal geosiyasi sistemin mühüm oyunçularından birinə çevirir”.
Mürtəza