ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını (Aİ) “parçalamaq” istədiyini düşünən Fransa Prezidenti Emmanuel Makron Vaşinqtonun hazırkı kursunu “açıq şəkildə anti-Avropa” xarakterli adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, Makron bu fikirləri “Financial Times” və digər Avropa KİV-lərinə verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Avropa İttifaqına qarşı açıq düşmənçilik nümayiş etdirir, Aİ-yə “hörmətsizlik” edir və onun zəiflədilməsində maraqlıdır.
Fransa prezidenti vurğulayıb ki, Avropanın ABŞ qarşısında “yaltaqlıq” etməsi və ya razılaşma yolu axtarması nəticə vermir. Makron hesab edir ki, Avropa ölkələri ABŞ-dan gələcək yeni təzyiq və düşmənçilik hallarına hazır olmalıdır.
O, həmçinin Aİ ilə Vaşinqton arasında münasibətlərdə yaranan nisbi sakitliyin davamlı dəyişiklik kimi qəbul edilməməli olduğunu bildirib. Makronun ifadə etdiyi “Qrenlandiya anı”nı Avropa üçün xəbərdarlıq siqnalı kimi dəyərləndirən Fransa lideri, bunun Aİ-nin qlobal təsirini gücləndirmək üçün uzun müddətdir təxirə salınan islahatların həyata keçirilməsinə təkan verməli olduğunu qeyd edib.
2027-ci ilin yazında ikinci prezidentlik müddəti başa çatacaq Emmanuel Makron bir daha Avropa İttifaqını birgə borclanmanın genişləndirilməsinə çağırıb. Onun fikrincə, bu addım 27 üzv dövlətdən ibarət blokun iri miqyaslı investisiyalar həyata keçirməsinə imkan verə bilər.
Makronun açıqlamaları cümə axşamı keçirilməsi planlaşdırılan Aİ sammiti ərəfəsində yayılıb. Fransa prezidenti bu sammitin Avropa İttifaqının rəqabət qabiliyyətinin müzakirəsi üçün fürsət kimi dəyərləndirilməli olduğunu bildirib.
Sara
NOCOMMENT.az