Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirovun vəziyyəti stabilləşib.
Bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.
O bildirib ki, uşağın müalicəsi hazırda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir:
"Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər çox gəzməyə icazə vermir, hələlik xəsarətləri tam sağalmayıb. Həkim nəzarətində müalicələri aparılır".
R.Bəşirov bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir:
"Hələlik hadisəni törədən şəxsin kimliyi dəqiq bilinmir. Cinayətdə adı hallanan 12 yaşlı uşaq isə ittihamları qəbul etmir. Ekspertizalar təyin olunub".
Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyata götürülüb.